Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Avtobloger Araz Mübarizoğlu Baku TV-də qonaq qismində çıxışı zamanı bildirib ki, bəzi piyadalarda sürücülərə qarşı sanki bir paxıllıq hissi var - “onun maşını var, mənim isə yoxdur” kimi. Onun sözlərinə görə, bu səbəbdən bəzi piyadalar yolu keçərkən qəsdən ləng hərəkət edir, hətta “oynaya-oynaya” keçirlər. Avtobloger qeyd edib ki, müşahidə olunur ki, bəzən piyadalar piyada keçidindən normal şəkildə istifadə etmək əvəzinə vaxt itirir. “O bilər ki, sürücü tələsmir, amma mən tələsirəm. Mən səni gözləyirəm, sən də normativlərə uyğun olaraq vaxtında keçməlisən. Bu sənin üstünlüyündür, amma mən də sürücüyəm, hərəkət iştirakçısıyam”, - deyə o əlavə edib.
Son vaxtlar həm sürücülər, həm də piyadalar arasında qarşılıqlı narazılıqlar müşahidə olunur. Bəzi sürücülər piyadaların yolu ləng keçdiyini, piyadalar isə sürücülərin yol vermədiyini bildirir. Mövcud qaydalara əsasən bu balans necə tənzimlənməlidir və hər iki tərəf hansı məsuliyyətləri daşıyır?
Nəqliyyat eksperti Raqif Raufoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, biz avtomobili yol hərəkəti qaydalarına əsasən deyil, daha çox şəxsi xarakterimizə uyğun idarə edirik: “Bunu tam olaraq belə ifadə etmək düzgün deyil. Kimsə belə hiss edə bilər, amma ümumi götürəndə sürücü və piyadanın tempi fərqli olur. Avtomobili olmayan insanın həyatdakı dinamikası, davranışları təbii ki, avtomobil sürən qədər olmur. O bir az daha rahat olur. Bu o demək deyil “piyada kimdənsə acıq çıxır”, yox sadəcə sürücü artıq başqa bir tempə öyrəşir. İstər-istəməz yol hərəkəti onu daha dəqiqliyə məcbur edir. Piyadanın öz aləmi var- kifayət qədər fərqli-fərqli insanlar oldu>una görə biz deyə bilmərik ki, “buna mənə paxıllıq etdi, ona görə yolu belə keçir”. Elə deyil. Ümumiyyətlə, yol hərəkəti qaydaları ona görə mövcuddur ki, biz yolda “bu varlıdır, bu kasıbdır, bu əsəbidir” kimi fərqləri hiss etməməliyik. Məsələn; az sayda ölkələrdəndir ki, bizdə sürücünün davranışına baxaraq onun sosial statusu barədə müəyyən təsəvvür formalaşdırmaq olur. Yəni hansı avtomobili idarə etməsindən asılı olmayaraq, sürücü öz davranışı ilə bunu hiss etdirir və bəzən problemli olduğu görünür. Əslində isə yol hərəkəti qaydalarının mahiyyəti ondan ibarətdir ki, sükan arxasında olan şəxsin kimliyi, statusu və ya xarakteri bilinməməlidir. Amma bizdə bu açıq şəkildə hiss olunur. Eyni vəziyyət piyadalar üçün də keçərlidir. Çünki piyada da həmin cəmiyyətin üzvüdür. Bu isə onu göstərir ki, biz avtomobili yol hərəkəti qaydalarına əsasən deyil, daha çox şəxsi xarakterimizə uyğun idarə edirik. Halbuki bu, düzgün yanaşma deyil və dəyişdirilməli olan mühüm məsələlərdəndir. Yolda kimin kim olduğu bilinməməlidir”.
Raqif Raufoğlu
Raqif Raufoğlu vurğulayıb ki, bizdə piyadalara nəzarət zəifdir: “Biz artıq piyadalarda da bəzən oxşar davranış hiss etməyə çalışırıq, sanki “bu mənə qarşı qərəzlidir, xeyir ola, sənin maşının var, mənim yoxdur” kimi yanaşma var. Mən deməzdim ki, vəziyyət tam belədir, sadəcə ümumi bir təsəvvür ola bilər. Əsas məsələ odur ki, piyadaların çoxunun yol hərəkəti qaydalarından kifayət qədər məlumatı yoxdur. Sürücülər isə qaydaları bilir. Hətta avtomobil sahibi olan şəxs piyada olduqda belə daha çevik və diqqətli davranır, çünki sürücü təcrübəsi var, vəziyyəti anlayır, yolu daha tez və qaydalara uyğun keçir, svetofora diqqət yetirir. Piyada isə çox vaxt yol hərəkəti qaydaları haqqında heç nə oxumayıb, hətta bu mövzuda məlumat əldə etməyə ehtiyac duymayıb. Sanki fərqli bir dünyadan gəlmiş kimi davranır. Buna görə də qəbul etməliyik ki, bir çox hallarda piyada sadəcə qaydaları bilmir.
Digər reallıq isə ondan ibarətdir ki, bizdə piyadalara nəzarət zəifdir. Piyadalar istədikləri yerdən yolu keçir və məsuliyyət hissi nisbətən azdır. Sürücü isə daim nəzarət altındadır, müxtəlif cərimələr və qaydalar vasitəsilə tənzimlənir. Bu mexanizm əsasən sürücünü nizam-intizama çağırmaq üçün hesablanıb. Piyadaların davranışını tənzimləyən mexanizmlər isə Azərbaycanda yoxdur Ara-sıra reydlər, müraciətlər olsa da, bunlar o qədər də ciddi effekt vermir”.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.