Mövzu ilə bağlı "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Olaylar.az-a danışıb. Sədr bildirib ki, mövzu olduqca ciddi, aktual və eyni zamanda həssasdır. Çünki söhbət uşaqlardan gedir və hamıya məlumdur ki, uşaqlar cəmiyyətin ən həssas qrupunu təşkil edir. Bu baxımdan, uşaqlarla bağlı qəbul edilən hər hansı qərar, qanunvericilikdə edilən dəyişiklik və ya irəli sürülən təşəbbüs son dərəcə diqqətlə, həssaslıqla və yüksək məsuliyyət hissi ilə yanaşılaraq hazırlanmalıdır. Millət vəkili Nigar Arpadarainini narahat edən əsas məsələ də məhz İnzibati Xətalar Məcəlləsinə təklif edilən, uşaqlara qarşı fiziki zorakılığa görə 200 manatadək cərimənin tətbiq olunması ilə bağlıdır. Doğrudur, 200 manat bəzi hallarda böyük məbləğ kimi görünməyə bilər. Lakin elə ailələr var ki, bu məbləğ onların gündəlik büdcəsinə ciddi təsir göstərə bilər. Digər tərəfdən, məbləğin böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, uşağa qarşı zorakılıq faktının özü qəbuledilməzdir. Zorakılıq, adından da göründüyü kimi, mənfi və arzuolunmaz bir haldır və ideal olaraq belə halların ümumiyyətlə baş verməməsi istəniləndir. Lakin təəssüf ki, bəzi hallarda valideynlərin məsuliyyətsizliyi və ya düzgün yanaşma sərgiləməməsi nəticəsində bu cür problemlər ortaya çıxır və bu da müəyyən hüquqi tədbirlərin təklif olunmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində ailənin dövlətin himayəsində olduğu açıq şəkildə qeyd edilir. Eyni zamanda vurğulanır ki, uşaqların tərbiyəsi, onların ehtiyaclarının ödənilməsi və sağlam inkişafı birbaşa valideynlərin üzərinə düşən vəzifə və məsuliyyətdir. Bundan əlavə, "Uşaq hüquqları haqqında" qanun və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar da valideynlərin bu məsuliyyətini bir daha təsdiqləyir. Bu sənədlər valideynlərin öz öhdəliklərini dərk etməli və uşaqlara qarşı zorakılığa yol verməməli olduqlarını açıq şəkildə ifadə edir. Təəssüf doğuran məqamlardan biri də odur ki, bəzi valideynlər bu məsuliyyət və öhdəliklərin fərqində olmur və ya bunu qəbul etmək istəmir. Belə hallarda hüquqi mexanizmlərin tətbiqi müəyyən zərurətdən irəli gəlir. Son illərdə ailə institutunda baş verən dəyişikliklər, müasir ailə modelində yaranan problemlər və xüsusilə uşaqlara qarşı zorakılıq hallarının artması bu mövzunu daha da aktuallaşdırır. Eyni zamanda, ailədaxili münaqişələrdə - xüsusilə boşanma proseslərində - uşaqlardan bir vasitə kimi istifadə olunması halları da müşahidə edilir ki, bu, son dərəcə yanlış və zərərli bir yanaşmadır. Uşağın psixoloji vəziyyətinə ciddi təsir göstərən bu cür hallar cəmiyyət tərəfindən qəti şəkildə pislənməlidir.
Sosioloq qeyd edib ki, bu problemlərlə mübarizədə ən effektiv vasitələrdən biri maarifləndirmədir. Valideynlərə onların hüquq və vəzifələri, uşaqlara qarşı öhdəlikləri barədə mütəmadi məlumat verilməsi, onlarla maarifləndirici işlərin aparılması xüsusi əhəmiyyət daşıyır. Çünki hüquqi tədbirlərdən əvvəl insanların şüurunda dəyişiklik yaratmaq daha dayanıqlı nəticələr verir. Müəllif mövqeyindən yanaşdıqda, ümumilikdə cərimə və inzibati tədbirlərin müəyyən hallarda zəruri olduğu qəbul edilsə də, ailədaxili münasibətlərə bu cür birbaşa maliyyə sanksiyalarının tətbiqi birmənalı qarşılanmır. Azərbaycan cəmiyyətinin özünəməxsus ailə modeli, əsrlər boyu formalaşmış adət-ənənələri və dəyərləri mövcuddur. Bu dəyərlər çərçivəsində valideyn-övlad münasibətləri həmişə xüsusi həssaslıqla qorunub saxlanılıb. Müasir dövrdə isə sosial şəbəkələrin və rəqəmsal mühitin təsiri ilə cəmiyyətdə zorakılıq halları daha görünən olub. Bu, təkcə uşaqlara deyil, ümumilikdə cəmiyyətin müxtəlif təbəqələrinə - o cümlədən yaşlılara qarşı da müşahidə edilir və heç də təqdirəlayiq hal hesab edilə bilməz. Bu baxımdan, cəmiyyət olaraq bu cür hallara qarşı prinsipial mövqe ortaya qoymaq vacibdir.
Ekspert əlavə edib ki, Qərb ölkələrində tətbiq olunan modellərin olduğu kimi qəbul edilməsi də mübahisəli məsələdir. Hər bir cəmiyyətin öz sosial-mədəni xüsusiyyətləri var və hüquqi mexanizmlər də bu xüsusiyyətlər nəzərə alınmaqla formalaşdırılmalıdır. Azərbaycan ailə modelində valideyn-övlad münasibətləri, həmçinin nənə-baba və nəvə arasındakı bağlar xüsusi yer tutur. Bu münasibətlərdə emosional yaxınlıq və qarşılıqlı hörmət əsas rol oynayır. Valideyn-övlad münasibətlərinə hüquqi müdaxilənin artması gələcəkdə müəyyən sosial və psixoloji fəsadlara yol aça bilər. Məsələn, ailədaxili münasibətlərdə gərginlik yarana, nəsillərarası əlaqələr zəifləyə və ənənəvi dəyərlər müəyyən dərəcədə zərər görə bilər. Eyni zamanda, cərimələrin tətbiqi xüsusilə aztəminatlı ailələr üçün əlavə maliyyə yükü yarada bilər ki, bu da dolayısı ilə ailədaxili münasibətlərə mənfi təsir göstərə bilər. Bütün bunları nəzərə alaraq, belə həssas məsələlərdə geniş ictimai müzakirələrin aparılması, müxtəlif sosial qrupların, ekspertlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin rəylərinin öyrənilməsi vacibdir. Xüsusilə uşaqlarla birbaşa işləyən şəxslərin təcrübəsi bu prosesdə mühüm rol oynaya bilər.
N. İsmayılova sonda vurğulayıb ki, uşaqların hüquqlarının qorunması ilə ailə institutunun möhkəmləndirilməsi arasında düzgün balansın tapılması əsas prioritet olmalıdır. Bu isə yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda maarifləndirmə, sosial dəstək və cəmiyyətin ümumi yanaşmasının dəyişdirilməsi ilə mümkün ola bilər.
Səidə Ramazanova