Populyarlıq fenomeni müasir sosial elmlərdə insanın cəmiyyət daxilində tutduğu mövqeyi xarakterizə edən mürəkkəb göstərici kimi izah olunur. Bu anlayış yalnız simpatiya ilə məhdudlaşmır, həm də status və təsir imkanlarını əhatə edir. Başqa sözlə, populyarlıq həm “başqaları məni qəbul edirmi?”, həm də “məni nüfuzlu şəxs kimi görürlərmi?” suallarına verilən cavabların vəhdətidir. Bu səbəbdən tanınma və nüfuz qazanmaq istəyi fərdi ambisiya deyil, sosial münasibətlərin strukturunda formalaşan psixoloji və mədəni mexanizmlərin nəticəsi kimi qiymətləndirilir.
İnsanların populyarlığa meylinin kökləri təkamül prosesinə gedib çıxır. İnsan təkbaşına yaşaya və sağ qala bilmədiyindən, icmaya mənsubluq həyati əhəmiyyət daşıyıb. Bu ehtiyac müasir dövrdə də davranışlara təsir edir: insanlar bəzən sosial qəbul olunmaq üçün fikirlərini dəyişir, başqalarına öz maraqlarının hesabına kömək edir, hətta fərdi baxışlarından imtina edə bilirlər. Sosial izolyasiya təhlükəsi insan psixologiyasında güclü stress faktoru kimi qaldığından, populyarlıq bir növ sosial təhlükəsizlik mexanizmi rolunu oynayır.
İnsanların statusunu necə müəyyən edirik.Populyarlıq bəyənmə və statusun birləşməsidir. Bəs tanımadığınız insanların statusunu necə müəyyən edirik? Berklidəki Kaliforniya Universitetinin Kameron Anderson komandasının araşdırması göstərir ki, biz özünəinamlı nitqi, birbaşa göz təmasını, alçaq səsi hiss edirik və emosiyalara diqqət yetiririk. Məsələn, uğurlu olduqda liderdən qürur duyması, aşağı statuslu şəxsdən isə minnətdarlıq bildirməsi gözlənilir. Uğursuzluqlar və çətinliklərlə qarşılaşdıqda lider qəzəb, aşağı statuslu şəxslər isə kədər və günahkarlıq hiss edir.
Amerikalı tədqiqatçıların irəli sürdüyü yanaşmaya görə, tanınma və yüksək statusa can atmaq yalnız sosial uyğunlaşma deyil, həm də ekzistensial narahatlığın kompensasiyası ilə bağlıdır. Bu nəzəriyyəyə əsasən, insanın ölüm haqqında düşünməsi onun simvolik davamlılıq axtarışını gücləndirir. Tanınma, sosial dəstək və kollektiv dəyərlərə aidlik hissi fərdin özünü daha “qalıcı” hiss etməsinə səbəb olur. Bu kontekstdə komplimentlər, izləyici sayı və sosial təsdiq formaları psixoloji baxımdan ölüm qorxusuna qarşı bufer funksiyası daşıyır.
Aparılan eksperimentlər bu hipotezi təsdiqləyən maraqlı nəticələr ortaya qoyub. İştirakçılara müxtəlif rəsmlər təqdim edilərək onların müəllifləri barədə fərqli məlumatlar verildikdə, normal şəraitdə anonim müəlliflərin əsərləri daha çox bəyənilib. Lakin iştirakçılara ölüm mövzusu ilə bağlı suallar yönəldildikdən sonra davranış dəyişib və məşhur şəxsin adı ilə təqdim olunan rəsmlərə maraq artıb. Bu nəticə göstərir ki, ölüm haqqında düşünmək insanlarda şöhrət və uğur simvollarına meyli gücləndirir. Oxşar eksperimentdə iştirakçılara iki seçim — bahalı masaj kreslosundan istifadə və ya bir ulduza öz adının verilməsi — təklif edildikdə, ölüm haqqında düşünən şəxslər daha çox ikinci variantı seçiblər. Bu, simvolik “əbədilik” ideyasının qısamüddətli komfortdan üstün tutulduğunu göstərir.
Populyarlığın formalaşmasında əsas rolu isə sosial qrup oynayır. Cəmiyyət, adətən, öz funksionallığını gücləndirən, ümumi dəyərləri təmsil edən və kollektiv maraqlara xidmət edən şəxsləri önə çıxarır. Populyar olmaq üçün həm qrup normalarına uyğunlaşmaq, həm də digərlərindən seçilmək tələb olunur. Bu paradoksal mexanizm liderlik fenomeninin əsasını təşkil edir: ideal lider formal hakimiyyətə malik olan deyil, qrupun “prototipini” ən yaxşı əks etdirən şəxsdir.
Bu mexanizm geniş sosial mühitlərdə də işləyir. Stil ikonlarının, musiqi ulduzlarının və rəy liderlərinin populyarlığı yalnız peşəkar uğurlarla izah olunmur. Onlar auditoriyanın dəyərlərini, estetik zövqünü və dünyagörüşünü təmsil etdikləri üçün qəbul olunurlar. Bu baxımdan populyarlıq mədəni kontekstdən asılıdır. Fərdiyyətçi cəmiyyətlərdə özünə inam, müstəqillik və şəxsi nailiyyətlər yüksək qiymətləndirilir. Kollektivist mədəniyyətlərdə isə təvazökarlıq, harmoniya və komanda ruhu daha çox ön plana çıxır. Bu səbəbdən universal populyarlıq resepti mövcud deyil; hər cəmiyyət öz dəyərlərinə uyğun lider modelini formalaşdırır.
Müasir rəqəmsal mühitdə isə populyarlıq qismən süni şəkildə formalaşdırıla bilir. Onlayn platformalar üzərində aparılan eksperimentlər göstərir ki, insanlar artıq populyar görünən məhsullara və şəxslərə daha çox üstünlük verirlər. Yükləmə sayının və ya bəyənmə göstəricilərinin süni şəkildə artırılması həmin məzmunun real keyfiyyətindən asılı olmayaraq, daha çox seçilməsinə səbəb olur. Beləliklə, “əksəriyyətin seçimi” effekti özünü gücləndirən populyarlıq dövrü yaradır. Bu prinsip hətta elmi mühitdə də müşahidə olunur: daha çox sitat gətirilən məqalələr sonradan daha tez-tez istinad edilir və nəticədə populyarlıq özünü yenidən istehsal edən mexanizmə çevrilir.
Hazırladı:
S.ELAY
XQ