AZ

''Fənər''in kapitanı azadlığa buraxıldı - ''Oyun satan şərəfini satar''

Dekabrdan bu yana həbsdə olan, qeyri-qanuni pul qoyuluşu və oyun alqı-satqısında iştirakda günahlandırılan ''Fənərbaxça'' kapitanı Mərt Hakan Yandaş aprelin 3-də ilk dəfə hakim qarşısına çıxdı. Tanınmış futbolçunun məhkəmə prosesi 3-cü Əsliyə Cəza Məhkəməsində keçirildi. Qeyd edək ki, günahları sübuta yetiriləcəyi təqdirdə təcrübəli yarımmüdafiəçini 17 ilə qədər həbs cəzası gözləyirdi. Məhkəmə üzündən hətta ''Fənərbaxça''nın günorta məşqçi baş məşqçi Domeniko Tedesko tərəfindən axşam saatlarına salınmışdı. Mərt Hakana dəstək vermək üçün məhkəmə zalına Tedesko ilə yanaşı ''Fənər''in indiki başqanı Sadəttin Saran, sabiq başqanı Əli Koç, idarə heyətinin üzvləri, eləcə də futbolçulardan Kərəm Aktürkoğlu, Ceyden Oostervolde, Mərt Günok, Çağlar Söyüncü, Cenk Tosun, Nene Dorgeles və Mərt Müldür gəlmişdi. Maraqlıdı ki, eyni maddələr üzrə günahlandırılan və təxminən 10 gün öncə azadlığa buraxılan ''Qalatasaray''lı Metehan Baltacı da məhkəməyə gəlmişdi. Üzərinə atılan iddiaların heç birini qəbul etməyən, həyatı boyu heç bir bukmeker kontorunda qeydiyyatdan keçmədiyini deyən Mərt Hakan Yandaş 6 il öncə ''Qalatasaray''ı yox, ''Fənərbaxça''nı seçdiyi üçün başına bu oyunların gətirildiyini vurğuladı. Həmin dönəmdə həqiqətən də bu futbolçuya görə əzəli rəqiblər arasında ciddi gərginlik yaşanmışdı. Vergi ödəmək üzrə rekordçu olduğunu xatırladan futbolçu 3-5 min lirəyə görə oyun satmasının mümkün olmadığını qeyd etdi. O ''oyunu satan qürurunu, şərəfini ailəsini satar. Mən qürurumdan və şərəfimdən əmin futbolçuyam'' deyə əlavə etdi. Hakim heyəti düşündükdən və məhkəmə salonuna qayıtdıqdan sonra qərarını açıqladı. Mərt Hakan Yandaş azadlığa buraxıldı. Azadlığa çıxdıqdan sonra ilk açıqlamalarını ''Fənərbaxça TV''yə verən Mərt Hakan camiəni çətin günün dostu adlandırdı və ona dəstək verən hər kəsə minnətdarlığını bildirdi. ''Fənər''in futbol şöbəsinin rəhbəri Ərtan Torunoğulları Mərt Hakanın aprelin 4-dən etibarən komanda ilə məşqlərə başlayacağını dedi.

Seçilən
32
45
football-plus.az

10Mənbələr