Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 28-ci turu çərçivəsində “Montana” ilə qarşılaşıb.
“Arda” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. Hüseynov start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.
“Arda” 28 turdan sonra 41 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 11 qələbə qazanıb, 8 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 76 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
