AZ

Zamiq Əliyev “Bilis”ə qarşı 79 dəqiqə oynadı, 3 xala sevindi – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 30-cu turu çərçivəsində “Bilis”lə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 3:0. Əliyev görüşə start heyətdə başlayıb. O, 72-ci dəqiqədə sarı vərəqə alıb, 79-cu dəqiqədə isə əvəzlənib.

“Eqnatiya” 30 turdan sonra 54 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 30 oyunda 15 qələbə qazanıb, 9 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 67 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
10
50
arena.az

10Mənbələr