ABŞ-nin iki "Black Hawk" helikopteri İranın dağlıq ərazisində yaşayan tayfalar tərəfindən vurulub.
"Far.Az" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Gerçək vəd – 4" əməliyyatı ilə bağlı 55 nömrəli bəyanatında qeyd edilib.
"SEPAH İranın cəsur tayfalarına təşəkkür edir", - bəyanatda bildirilib və əlavə edilib ki, "Black Hawk" helikopterləri çətin keçilən dağlıq ərazilərdə zərərsizləşdirilib:
"İranın tayfaları müharibənin 35-ci günündə ölkənin gücünü nümayiş etdirib. Kohgiluyə, Boyer-Əhməd və Bəxtiyari tayfalarının hər biri müstəqil şəkildə, İran silahlı qüvvələrinin iştirakından uzaq çətin keçilən dağlıq ərazilərdə vurulmuş F-35 təyyarəsinin pilotlarını xilas etmək üçün ölkəmizin hava məkanına daxil olmuş iki "Black Hawk" helikopterini məhv ediblər".
Məlumat üçün bildirək ki, Kohgiluyə İranın cənub-qərbində yerləşən coğrafi bölgədir və yerli əhalisinin çoxunu lurlar təşkil edir. Boyer-Əhməd İranın cənub-qərbində Kohgiluyə və Boyer-Əhməd ostanında məskunlaşmış böyük bir köçəri tayfa konfederasiyasıdır və etnik baxımdan lur xalqına mənsubdur. Bəxtiyarilər əsasən İranın cənub-qərbində, Zaqros dağları bölgəsində yaşayan və lur mənşəli böyük köçəri tayfa ittifaqlarından biridir.