“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 26-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü “Sabah”ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Sabah” ailəsini qələbə münasibətilə təbrik edirəm. Bu gün çox böyük qalibiyyət əldə etdik. Oyuna kifayət qədər yaxşı başlamadıq. Matç bu gün bizim üçün qəribə alındı. Müdafiədən çıxarkən səhvlər etdik, rəqib də bundan yararlandı. Çox şadam ki, qol buraxdıqdan sonra yaxşı reaksiya verdik. Layiqli qələbə qazandıq. Oyunun taleyini daha tez həll edə bilərdik. Çox qol fürsətimiz var idi. Qələbəyə görə xoşbəxtəm. Üç gündən sonra yeni oyun olacaq. Artıq bu matçı unudub, qarşıdakı görüşə köklənməliyik.
Mən sadəcə qarşıdakı oyunu fikirləşirəm, o qarşılaşma məni narahat edir. Çünki yaxşı bərpa olmalıyıq. Oyunlar qısa müddət ərzində keçirildikdə, əlavə taktika keçə bilmirik. Amma gördüyümüz işlər 8-9 ayın göstəricisidir.
“Sabah”ın avrokuboklara vəsiqə qazanması dəqiqləşdi. Bu barədə bilmirdim. Bizim üçün böyük uğurdur. Mən bura gəlməmişdən öncə hədəf Avropada iştirak etmək idi. Bunları unuduruq, bu haqda düşünmürük.
Əlbəttə, komandada inkişaf var, daha yaxşı oynayırıq. İnkişaf elədir ki, bir oyun pis oynasaq da, ondan sonra yenə pis oyun olsa, soruşacaqsınız ki, inkişaf haradadır? Hazırda yaya 2 ay qalıb. Düşünürəm ki, inkişaf var, amma daha da inkişaf etməliyik. Siz fəlsəfi sual verdiniz, mən də fəlsəfi cavab verdim”.
