Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda, Livan hökuməti paytaxt Beyrutda silahlı qruplaşmaların hökmranlığına son qoymaq üçün radikal addım atıb.
Musavat.com xəbər verir ki, "Financial Times" nəşrinin yaydığı məlumata görə, rəsmi Beyrut ordudan paytaxt üzərində nəzarəti tam gücləndirməyi və silah üzərində dövlət monopoliyasını təmin etməyi tələb edib. Bu qərar onilliklərdir Livanın hərbi və siyasi həyatında əsas güc mərkəzi olan "Hizbullah"ın rəsmən tərksilah edilməsi istiqamətində atılmış ən ciddi addım kimi qiymətləndirilir.
Hökumətin tələbi ondan ibarətdir ki, Beyrutun küçələrində ordudan başqa heç bir struktur silahlı şəkildə mövcud olmamalıdır. Bu, "Hizbullah"ın paytaxtdakı hərbi infrastrukturunun ləğvi mənasına gəlir.
İsrailin Livanın cənubunda "Hizbullah"a qarşı apardığı amansız hərbi əməliyyatlar qruplaşmanı zəiflədib ki, bu da Livan rəhbərliyinə daxili sabitliyi bərpa etmək üçün nadir fürsət yaradıb.
Ölkədə davam edən dağıntılar və iqtisadi çöküş fonunda Livan ictimaiyyəti "Hizbullah"ın ölkəni müharibəyə sürükləməsindən narazıdır. Hökumət bu addımı ilə xalqın dəstəyini qazanmağa çalışır.
ABŞ və Fransa uzun müddətdir ki, Livan hökumətindən BMT-nin 1559 saylı qətnaməsinə uyğun olaraq bütün silahlı qruplaşmaların tərksilah edilməsini tələb edirdilər.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu qərar Livanda daxili vətəndaş müharibəsi riskini də artıra bilər. "Hizbullah" silahlarını təhvil verməkdən imtina edərsə, paytaxtın küçələrində Livan ordusu ilə qruplaşma arasında birbaşa toqquşmalar qaçılmaz olacaq. Hazırda dünya Beyrutun bu cəsarətli, lakin təhlükəli gedişinə "Hizbullah"ın və onun hamisi olan İranın necə reaksiya verəcəyini diqqətlə izləyir.
Musavat.com