İran mediası ABŞ-nin "dəniz mühasirəsi" iddiaları fonunda ölkəyə məxsus daha bir gəminin Hörmüz boğazından keçdiyini açıqlayıb.
Far.Az xəbər verir ki, rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, bu dəfə İran bayrağı altında üzən quru yük gəmisi yerləşmə sistemi açıq vəziyyətdə boğazı keçərək istiqamətini ölkənin şimalındakı İmam Xomeyni limanına yönəldib.
Qeyd olunur ki, bundan əvvəl də İranın neft tankeri analoji şəraitdə boğazdan keçərək ölkənin ərazi sularına daxil olub.
Məlumata görə, tanker izləmə sistemlərində son gün ərzində İranla əlaqəli ən azı iki gəminin boğazdan keçdiyi müşahidə edilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trump aprelin 12-də sosial şəbəkə hesabında İranla bağlı danışıqların nəticəsiz qalmasından sonra Tehrana qarşı "dəniz ablukası" tətbiq ediləcəyini iddia edib. Onun sözlərinə görə, ABŞ qüvvələri açıq sulardan İran sahillərinə doğru hərəkət edən gəmilərə və limanlara girişə imkan verməyəcək.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da bölgədə həyata keçirilən əməliyyatlara 10 mindən çox hərbçi, çoxsaylı döyüş gəmiləri və hərbi təyyarələrin cəlb olunduğunu açıqlamışdı.
Hadisələr regionda gərginliyin artdığı bir dövrdə baş verir və Hörmüz boğazı üzərindən nəqliyyatın davam etməsi diqqətlə izlənilir.