Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri vəzifəsinə namizəd Məhəmməd Əli Zeydi arasında telefon danışığı olub.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, Prezident Ərdoğan Zeydini Baş nazirliyə namizədliyi münasibətilə təbrik edib və onun İraqda tezliklə hərtərəfli, balanslı və sabit bir hökumət quracağına inandığını bildirib.
Prezident Ərdoğan Türkiyənin İraqla strateji və institusional əsasda sıx əməkdaşlığa ciddi təkan verdiyini və yeni dövrdə bunu daha da inkişaf etdirməyi hədəflədiyini deyib.
Türkiyə Prezidenti, həmçinin İnkişaf Yolu Layihəsi, terrorizmlə mübarizə, müdafiə sənayesi, enerji və nəqliyyat da daxil olmaqla bir çox vacib sahələrdə münasibətləri inkişaf etdirməkdə qərarlı olduqlarını söyləyib.
Qeyd edək ki, İraqda Baş nazirliyə Məhəmməd Əli Zeydinin namizədliyi irəli sürülüb. Ölkə Prezidenti Nizar Amidinin yeni hökumət qurmaq vəzifəsini ona həvalə edəcəyi gözlənilir.