AZ

ABŞ və İran arasında 14 maddəlik gizli razılaşma... Vaşinqton Tehrandan cavab gözləyir - son 48 saat...



ABŞ və İranın 28 fevraldan başlayan müharibəyə son qoyacaq və nüvə danışıqlarına yol açacaq bir səhifəlik anlaşma memorandumu imzalamağa çox yaxın olduqları bildirilir. ABŞ Tehrandan 48 saat ərzində kritik cavab gözləyir.

ABŞ prezidenti Donald Trampın Hörmüz boğazında planlaşdırılan yeni hərbi əməliyyatı dayandırmaq və kövrək atəşkəsin pozulmasının qarşısını almaq qərarı da danışıqlar masasında əldə edilən bu diplomatik irəliləyişlə əlaqələndirilir.

“Axios”un ABŞ-ın yüksək vəzifəli rəsmilərin əistinadən məlumatına görə, müharibənin başlanğıcından bəri tərəflər heç vaxt sülhə bu qədər yaxın olmayıblar.

Pərdəarxası gizli diplomatiyada ABŞ tərəfini Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner təmsil edir. Danışıqlar nəticəsində əldə edilən mətn, regionda müharibənin rəsmi olaraq bitdiyini elan etməklə, Hörmüz boğazının açılması və sanksiyaların ləğvi üçün 30 günlük "kritik danışıqlar dövrü"nü başladacaq. Saziş imzalanarsa, danışıqların İslamabad və ya Cenevrədə davam etdiriləcəyi gözlənilir.

Sazişin ən diqqət çəkən bəndi isə İranın indiyə qədər "qırmızı xətti" adlandırdığı nüvə ehtiyatları ilə bağlıdır. İddialara görə, İran yüksək dərəcədə zənginləşdirilmiş uranı ölkədən çıxarmağa razılıq verib. Masada ən güclü variant bu təhlükəli materialın birbaşa ABŞ-a göndərilməsidir. Bundan əlavə, nüvə zənginləşdirmə fəaliyyətinə 12 ildən 15 ilə qədər moratorium (dayandırma) planlaşdırılır.

Razılaşmaya əsasən, İran nüvə silahı əldə etməməyi öhdəsinə götürəcək və yeraltı nüvə obyektlərini işlətməməyi qəbul edəcək. Birləşmiş Millətlər Təşkilatının müfəttişləri tərəfindən qəfil yoxlamalar da daxil olmaqla, ciddi monitorinq mexanizmi də tətbiq olunacaq. Bunun qarşılığında isə ABŞ dünya üzrə dondurulmuş milyardlarla dollarlıq İranın vəsaitlərini tədricən azad edəcək.

Bu 30 günlük müddət ərzində İranın Hörmüz boğazında gəmi keçidlərinə qoyduğu məhdudiyyətlər və ABŞ-ın dəniz blokadası tədricən aradan qaldırılacaq. Prosesin həssaslığına diqqət çəkən ABŞ rəsmisi vəziyyəti bu sözlərlə ifadə edib: "Danışıqlar uğursuz olarsa, ABŞ qüvvələri blokadanı yenidən tətbiq edə və ya hərbi əməliyyatları davam etdirə bilər".

Bildirilir ki, Vaşinqton Tehrandan növbəti 48 saat ərzində əsas məsələlərlə bağlı yekun cavab gözləyir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında ilişib qalan gəmilərə kömək etmək məqsədi daşıyan "Azadlıq" əməliyyatını müvəqqəti olaraq dayandırmaq qərarına gəldiyini açıqlayıb.

Tahir TAĞIYEV

Seçilən
24
50
baki-xeber.com

10Mənbələr