Ukrayna savaşı hazırda qlobal güclər arasında yeni dünya düzəninin sərhədlərini müəyyən edə biləcək geopolitik mübarizənin əsas predmetinə çevrilməyə başlayıb... Ona görə də, yaxın vaxtlarda sülh ehtimalı artıq inandırıcı görünmür, indi yalnız Ukraynanın deyil, elə Avropa ölkələrinin də hələ uzun müddət Rusiya ilə hərbi qarşıdurma vəziyyətində qala biləcəkləri qətiyyın istisna deyil...
Ukrayna savaşı ətrafında təhlükəli siyasi-diplomatik oyunun başlandığı müşahidə olunur. Üstəlik, bu mərhələdə Rusiya gözlənilməz bir israrla “sülh mesajı” verir, ABŞ və Qərb arasındasa, hazırda parçalanma dövrü yaşanır. Bu baxımdan, Ukrayna savaşı artıq yalnız hərbi qarşıdurma poliqonunda deyil, həm də buna paralel olaraq, diplomatik manipulyasiya, siyasi-psixoloji təzyiq, eləcə də, geopolitik parçalanma istiqamətləri üzrə yeni və daha təhlükəli mərhələyə keçid etmiş kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar həm Rusiyadan verilən ziddiyyətli mesajlar, həm də ABŞ və Avropa ölkələri arasında Ukrayna savaşının dayandırılması ilə bağlı dərinləşən fikir ayrılıqları diqqəti çəkir. Bu isə onu göstərir ki, qlobal güclər artıq savaşın özündən daha çox, müharibədən sonrakı geopolitik düzənin necə formalaşacağını müəyyən etmək uğrunda mübarizə aparmağa başlayıblar. Və bu, baxımdan, Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiyanın nəzarətdən çıxma ehtimalını da artırır.
Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın son açıqlamaları Kremlin hazırda paralel şəkildə həm “sülh ritorikası”ndan, həm də “hərbi eskalasiya doktrinası”ndan istifadə etdiyini göstərir. Belə ki, Rusiya bir tərəfdən, Ukrayna savaşının dayandırılması üzrə “nəticəyə yönəlik sülh danışıqlarına hazır olduğunu” bəyan edir. Digər tərəfdən isə rəsmi Kiyevin 9 May paradına yönəlik hər hansı hərbi addım atacağı təqdirdə, Ukraynanın “qərar qəbuletmə mərkəzləri”nə zərbə endiriləcəyi ilə hədələyir. Və bu, Kremlin davamlı olaraq, istifadə etdiyi klassik “təzyiq altında diplomatiya” modelinə uyğun gələn taktikadır.

Məsələ ondadır ki, əslində, Rusiya üçün 9 May yalnız tarixi və simvolik bayram deyil. Bu tarix Kremlin ölkədaxili hərbi-siyasi legitimlik mexanizminin təməl faktorlarından biri hesab olunur. Çünki Putin hakimiyyəti “Böyük Vətən Müharibəsi mifologiyası”nı müasir geopolitik strategiyanın əsas siyasi-ideoloji dayaqlarından birinə çevirib. Ona görə də, Kreml üçün 9 May paradına qarşı hər hansı təhlükə yalnız hərbi risk deyil, həm də siyasi-psixoloji zərbə kimi qəbul olunur. Məhz ona görə də, Rusiya sərt reaksiyasını elə əvvəlcədən informasiya məkanına ötürərək, həm Ukraynaya, həm də Qərbə xəbərdarlıq mesaj verir.
Digər tərəfdən, Rusiyanın bütün xarici ölkələrə Kiyevdəki diplomatların təxliyəsini nəzərdən keçirməyi tövsiyə etməsi isə daha mürəkkəb geopolitik məqsədlərə xidmət edir. Belə ki, bu cür təhdidkar xəbərdarlıq açıqlamaları adətən, qarşı tərəfdə qorxu atmosferi yaratmaq, beynəlxalq məkandasa, diplomatik aktivliyi zəiflətmək və mümkün hərbi eskalasiyaya siyasi-psixoloji zəmin hazırlamaq üçün istifadə olunur. Və Kreml bununla, həm də, Qərb paytaxtlarına göstərmək istəyir ki, Ukrayna savaşı nəzarətdən çıxarsa, hərbi təhlükəsizlik riski yalnız Ukrayna ilə məhdudlaşmaya bilər.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Ukraynanın əksər iri şəhərlərinə endirilən intensiv zərbələr də Rusiyanın diplomatiya ilə paralel şəkildə hərbi təzyiqi artırdığını təsdiqləyir. Belə ki, ballistik raketlər, PUA-lar və hərbi aviasiyadan eyni vaxtda istifadə olunması onu göstərir ki, Kreml “planlı hərbi-siyasi təzyiq” strategiyasını daha aktiv mərhələyə keçirib. Və bu strategiyanın əsas məqsədi isə cəbhədə vəziyyəti dəyişməkdən daha çox, Ukraynanın və Qərbin siyasi müqavimət potensialını zəiflətməkdən ibarətdir.
Ancaq bütün bunlara baxmayaraq, hazırkı mərhələdə əsas diqqət çəkən məqam yalnız Rusiya-Ukrayna hərbi qarşıdurması deyil. Çünki indi daha vacib və təhlükəli hesab olunan proses məhz kollektiv Qərbin daxilində dərinləşməyə başlayan strateji fikir ayrılığı ilə bağlı ziddiyyətlərdir. Hər halda, ABŞ və Avropa ölkələrinin artıq Ukrayna savaşının gələcək taleyi ilə bağlı məsələdə qətiyyən eyni mövqedən çıxış etmədikləri inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, Ağ Evin Ukrayna siyasətinin dəyişməsi, xüsusilə də, prezident Donald Tramp faktorunun daha ön plana keçməsi ABŞ daxilində rəsmi Kiyevə yanaşma tərzininin də tamamilə fərqli istiqamətlərə yönəlməsinə yol açıb. İndi ABŞ siyasi dairələrinin müəyyən hissəsi hesab edir ki, Ukrayna savaşı Ağ Ev üçün artıq strateji yükə çevrilir. Halbuki, ABŞ-ın əsas geopolitik resurslarının əsas hissəsinin məhz Çinlə qarşıdurmaya yönəldilməsi daha böyük önəm daşıyır. Və xüsusilə də, son vaxtlar Yaxın Şərqdə artan hərbi gərginlik, İran faktoru, eləcə də, Asiya-Sakit okean regionunda Çinlə amansız rəqabət Ağ Ev üçün prioritetlərin dəyişməsinə səbəb olur.
Ona görə də, məhz mövcud situasiyanı nəzərə alan Kreml ABŞ-ın əsas diqqətinin artıq Ukrayna savaşından yayınmağa başladığı qənaətinə gəlib. Bu baxımdan, Rusiya XİN rəsmisi Mariya Zaxarovanın ABŞ nümayəndələrinin hazırda əsas diqqəti Yaxın Şərq proseslərinə yönəltməsi barədə dedikləri də qətiyyən təsadüfi mesaj deyil. Yəni, Kreml hesab edir ki, ABŞ eyni vaxtda bir neçə qlobal böhranı tam idarə etmək imkanında deyil və bu situasiya Rusiyaya əlavə strateji manevr imkanları yaradır.
Belə bir qəliz situasiyada isə Avropa ölkələri tamamilə fərqli təhlükəsizlik reallıqları ilə üz-üzə qalıb. Çünki Ukrayna savaşının mövcud nəticələri birbaşa Avropa məkanının təhlükəsizlik sisteminə təsir göstərir. Xüsusilə də, Baltikyanı ölkələr, Polşa və Şərqi Avropanın böyük bir hissəsi hesab edir ki, Rusiyanın Ukraynada qarşısının kəsilməsi üçün Kremlin hərbi aqressiyasına maksimum səviyyədə sərt müqavimət xətti mütləq davam etdirilməlidir. Ancaq Fransa və Almaniya kimi, aparıcı Qərbi Avropa ölkələri isə daha çox “idarə olunan siyasi-diplomatik keçid” modelinə üstünlük verməyə başlayıblar. Və bu isə Avropa ölkələri daxilində də Ukrayna savaşına yönəlik vahid strategiyanın zəiflədiyini göstərir.
Halbuki, əslində, ABŞ və Avropa ölkələri arasında əsas ziddiyyətlər Ukrayna savaşının dayandırılması məsələsi üzərində deyil. Yəni, hazırda mövcud geopolitik ziddiyyətlər Ukrayna savaşından sonrakı mərhələdə qlobal düzənin necə qurulacağı ilə birbaşa bağlıdır. ABŞ-da müəyyən siyasi dairələr Ukrayna savaşını Rusiyanı zəiflətmək üçün effektiv hərbi vasitə hesab edirlər. Avropa dövlətləri isə artıq daha uzunmüddətli iqtisadi və təhlükəsizlik böhranından ciddi şəkildə narahatdırlar. Çünki enerji problemləri, müdafiə xərclərinin artması, sosial narazılıqlar və ifrat sağ qüvvələrin güclənməsi Avropa hökumətlərini daha ehtiyatlı davranmağa məcbur edir.

Məhz ona görə də, kollektiv Qərb daxilində “müharibəni davam etdirmək” və “idarə olunan hərbi münaqişə modelinə keçmək” tərəfdarları arasında səhnəarxası siyasi qarşıdurma dərinləşir. Kreml də kollektiv Qərb daxilindəki bu ciddi parçalanmanı diqqətlə izləyir və siyasi-diplomatik manevrlərini məhz həmin ziddiyyətlər üzərində qurmağa çalışır. Yəni, Kreml qlobal rəqibləri arasında yaşanan ortaq mövqe böhranından məhz Rusiyanın xeyrinə faydalanmağa cəhd göstərir.
Göründüyü kimi, Ukrayna savaşı artıq qətiyyən yalnız iki ölkə arasındakı hərbi qarşıdurma deyil. Belə ki, bu savaş hazırda qlobal güclər arasında yeni dünya düzəninin sərhədlərini müəyyən edə biləcək geopolitik mübarizənin əsas predmetinə çevrilməyə başlayıb. Ona görə də, yaxın perspektivdə Ukrayna savaşı üzrə tammiqyaslı sülh sazişinin əldə olunma ehtimalı qətiyyən inandırıcı görünmür.
Belə anlaşılır ki, Ukrayna savaşı ətrafında cərəyan edən proseslər qarşıdakı mərhələdə həm siyasi-diplomatik təzyiqlərin, həm də hərbi eskalasiyanın paralel şəkildə inkişafına yol aça bilər. Bu isə Ukrayna savaşının tədricən daha genişmiqyaslı beynəlxalq qarşıdurma məzmunu daşıyan uzunmüddətli geopolitik böhran mərhələsinə keçə biləcəyini göstərir. Və bu baxımdan, yalnız Ukraynanın deyil, elə Avropa ölkələrinin də hələ uzun müddət Rusiya ilə hərbi qarşıdurma vəziyyətində qala biləcəkləri qətiyyın istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
