Rusiya ilə İran arasında hərbi əməkdaşlığın yeni mərhələyə keçdiyi iddia olunur.
Musavat.com xəbər verir ki, xarici media Rusiyanın xüsusi sənaye obyektlərindən birinin artıq İran istehsalı pilotsuz uçuş aparatlarının hazırlanması və modernləşdirilməsi üçün istifadə edildiyini yazıb.
Məlumata görə, söhbət Rusiyanın Tatarıstan bölgəsində yerləşən iri sənaye kompleksindən gedir. İddialara əsasən, müəssisədə İranın “Shahed” tipli kamikadze dronlarının istehsalı genişləndirilib və obyekt faktiki olaraq “müharibə mərkəzi”nə çevrilib.
Qərb mediası bildirir ki, Rusiya Ukrayna müharibəsində istifadə etdiyi pilotsuz aparatların sayını artırmaq üçün İran texnologiyasından fəal şəkildə yararlanır. Müəssisədə həm dron istehsalı, həm də texniki modernizasiya işlərinin aparıldığı qeyd olunur.
Ekspertlərin fikrincə, bu əməkdaşlıq Moskva ilə Tehran arasında hərbi əlaqələrin əvvəlkindən daha strateji səviyyəyə yüksəldiyini göstərir. Xüsusilə uzunmənzilli pilotsuz sistemlərin inkişafı beynəlxalq arenada narahatlıq yaradıb.
Kreml isə məsələ ilə bağlı rəsmi açıqlama verməyib. İran tərəfi də daha əvvəl oxşar iddiaları qismən təkzib etmişdi. Buna baxmayaraq, peyk görüntüləri və beynəlxalq araşdırmalar bölgədə hərbi fəaliyyətin artdığını göstərir.
Musavat.com