AZ

9 May faşizm üzərində qələbə Müharibə həqiqətləri, Azərbaycanın rolu (MÜSAHİBƏ)

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

(Yazı "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusu üzrə hazırlanıb)

9 May faşizm üzərində qələbənin 81-ci ili tamam olur. Bu müharibədə qələbə təkcə SSRİ-nin deyil, həm də bu İttifaqın tərkibinə daxil olan dövlətlərin və faşizmə dayanan digər dünya dövlətlərinin qələbəsi idi. Bu qələbənin qazanılmasında Azərbaycanın, Bakı neftinin rolu da danılmaz deyil. Belə ki, 1941-45-ci illər illəri əhatə edən müharibədə azərbaycanlılar istər ön cəbhədə, istər arxa cəbhədə fəal iştirak etdilər. 

SSRİ dağıldıqdan sonra da Azərbaycanda bu qələbənin il dönümü qeyd olunur. Lakin son illər bu tarixə münasibət müxtəlif ölkələrdə və cəmiyyətlərdə fərqli şəkildə formalaşmağa başlayıb. Xüsusilə 2025-ci ildə II Dünya müharibəsinin başa çatmasının ildönümü münasibətilə keçirilən tədbirlər göstərdi ki, 9 May artıq dünyanın hər yerində birmənalı qarşılanmır. Tarixçilərin fikrincə, məsələyə yalnız siyasi prizmadan deyil, həm də insan taleləri, milli yaddaş və tarixi varislik baxımından yanaşmaq lazımdır.

Qaynarinfo bu mövzu ətrafında səsləndirilən bir çox fikirləri, müharibənin tarixi həqiqətlərini, Azərbaycanın rolunu tarix üzrə elmlər doktoru, professor Mais Əmrahovla müzakirə edib.

– Mais bəy, 9 may faşizm üzərində qələbə günüdür. Son illər belə bir fikir formalaşıb ki, bu qələbənin Azərbaycana dəxli yoxdur, bu, "özgəsinin savaşı” idi. Bir tarixçi kimi necə hesab edirsiniz, 9 may Qələbə Gününün Azərbaycanın tarixi yaddaşında rolu nədən ibarətdir?

- 9 May faşizm üzərində Qələbə günü kimi neçə illərdir ki, qeyd olunur. Xüsusilə də keçən il – 2025-ci ildə II Dünya müharibəsinin başa çatması münasibətilə keçirilən tədbirlər göstərdi ki, doqquz mayın Faşizm üzərində Qələbə Günü kimi qeyd olunması dünyanın bir çox xalqları və ölkələrində birmənalı qarşılanmır. Azərbaycana gəlincə, bu məsələyə tamamilə fərqli mövqedən yanaşmaq lazımdır. Doğrudur, hətta biz müstəqilliyimizi elan etdiyimiz ilk illərdən başlayaraq, xüsusilə 1998-ci ildən sonrakı dövr ərzində belə fikirlər formalaşmağa başladı ki, bu müharibənin Azərbaycana dəxli yoxdur, başqa dövlətin savaşıdır. Tarixçilərin və politoloqların fikirləri də müxtəlif oldu.

Məsələyə tamamilə başqa rakursdan yanaşsaq, bir neçə rəqəmi diqqətdə saxlamalıyıq. Müharibə başlayanda Azərbaycan SSRİ adlı bir imperiyanın tərkibində idi. Təbii ki, o zamankı ordunun formalaşmasında da Azərbaycan SSR-dən cəbhəyə səfərbər olunanlar xüsusi rol oynayıb və II Dünya müharibəsinin başlanmasından 1941-ci ilə qədər olan dövr ərzində azərbaycanlılar ayrı-ayrı orduların tərkibində hərbi xidmət keçmişdilər. 1941-ci ildə müharibə başlayanda onlar da bu müharibəyə səfərbər olunmuşdular.

Ümumiyyətlə, 1941–1945-ci illərdə Azərbaycandan cəbhəyə 700 mindən çox insan səfərbər olunmuşdu. Bunların 11 mindən çoxunu qadınlar təşkil edirdi. Təxminən 350 min soydaşımız isə cəbhədən geri qayıtmadı, həlak oldu. Minlərlə insan isə ömrünün böyük bir hissəsini xarici ölkələrdə yaşamağa məcbur oldu.

Bu baxımdan 9 mayın Qələbə Günü kimi qeyd edilməsində çox mühüm nüanslardan biri odur ki, Azərbaycan təkcə ona görə bu günü qeyd etmir ki, həmin qələbədə iştirak edib. Azərbaycan xalqı bu günü həm də ona görə qeyd edir ki, müharibədə ən yaxınlarını – atalarını, babalarını, qardaşlarını, bacılarını itirib və bu müharibənin ağrısı uzun illərdir xalqın yaddaşında yaşayır.

İkinci mühüm nüans isə ondan ibarətdir ki, 1945-ci ildə müharibənin başa çatması ilə hər şey bitmədi. Sonrakı dövrlərdə, xüsusilə XX əsrin sonlarında və XXI əsrin əvvəllərində başlayan lokal müharibələr, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi və 30 il davam edən işğal siyasəti göstərdi ki, müharibənin ağrıları nəsildən-nəslə ötürülür. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində qələbə qazanan gənclərin ataları, babaları və yaxınları məhz 1941–1945-ci illər müharibəsində iştirak etmiş insanlardır. Yəni nəsillərin ardıcıllığı və varisliyi də Azərbaycanın həmin müharibədə iştirakını təsdiqləyən amillərdən biridir.

 

– 9 May Qələbə günü Azərbaycan tarixinin yaddaşında necə formalaşıb?

- Əlbəttə, bu yaddaş çox ağırdır və onun hər səhifəsini vərəqlədikcə minlərlə insan taleyi göz önünə gəlir. Azərbaycan təkcə öz oğullarını cəbhəyə göndərməklə kifayətlənmədi, həm də arxa cəbhədə ordunun təmin olunmasında mühüm rol oynadı. Buraya yalnız neft deyil, kənd təsərrüfatı məhsulları, ərzaq təminatı və digər sahələr də daxil idi. Müharibədə iştirak edənlər Azərbaycan nemətləri və Azərbaycan sovqatları ilə təmin olunurdular. Baş komandanlar və müxtəlif ordu rəhbərləri Azərbaycana göndərdikləri məktub və teleqramlarda bunu xüsusi vurğulayırdılar.

Azərbaycan Müdafiə Fondunun yaradılmasında da fəal iştirak etdi. Müharibə illərində xalq tərəfindən 15 kiloqram qızıl, bir tona yaxın gümüş və 320 milyon manata yaxın vəsait toplandı. Qadınlar öz zinət əşyalarını belə cəbhə üçün bağışlayırdılar.

Beləliklə, Qələbə Gününün qeyd olunması Azərbaycan tarixinin yaddaşında həm ağrılı, itkilərlə dolu bir gün, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayır.

– Mais bəy, qələbədə Bakı neftinin oynadığı rolun önəmi barədə SSRİ mənbələrində az material var. Bu, qısqanclıq idi, ya başqa səbəb var idi?

- Təbii ki, müharibədə qələbədə əsas rol oynayan amillərdən biri Bakı nefti idi. Doğrudur, bir sıra kitablarda və xüsusilə xarici müəlliflərin əsərlərində Bakı neftinin roluna qısqanclıqla yanaşma hiss olunur. Mənbələrdə bununla bağlı materiallara rast gəlinir. Lakin rəqəmlər hər şeyi açıq şəkildə göstərir.

II Dünya müharibəsi illərində SSRİ-də istehsal olunan neftin böyük hissəsi Bakının payına düşürdü. Müharibə dövründə SSRİ-də hasil olunan neftin təxminən 70–75 faizi Bakı tərəfindən təmin edilirdi. Tankların, təyyarələrin və hərbi texnikanın yanacaq təminatında Bakı həlledici rol oynayırdı.

Bu qısqanclığın səbəblərindən biri də azərbaycanlıların həm cəbhədə, həm də arxa cəbhədə göstərdikləri qəhrəmanlıq və fədakarlıq idi. Digər tərəfdən isə sovet ideologiyası ayrı-ayrı xalqların xüsusi rolunu ön plana çıxarmaqda maraqlı deyildi. Buna görə də ümumi "sovet xalqının qəhrəmanlığı” anlayışı daha çox qabardılırdı.

– Müharibə zamanı Almaniya tərəfində olan legionlar barədə nə deyə bilərsiniz? Azərbaycan legionunu necə qiymətləndirirsiniz?

- Müharibə zamanı Azərbaycan təkcə itkilərlə kifayətlənmədi. Minlərlə azərbaycanlı əsir düşdü və əsirlik həyatı yaşadı. Onların bir hissəsi xarici ölkələrdə dünyasını dəyişdi, bir hissəsi isə sonradan geri qaytarıldı və SSRİ-nin apardığı ayrı-seçkilik siyasətinin qurbanına çevrildi.

Müharibə zamanı Almaniya tərəfindən çoxlu sayda azərbaycanlı əsir götürülmüşdü. Onlar müxtəlif düşərgələrdə cəmləşdirilərək sonradan SSRİ-yə qarşı döyüşlərə cəlb edilmişdilər. Legionlar adlandırılan bu qrupların sayı müxtəlif mənbələrdə 15 mindən 30 min nəfərə qədər göstərilir.

Bu insanların bir hissəsi məcburiyyət qarşısında, bir hissəsi aclıq və ölüm qorxusundan, digər hissəsi isə sovet hakimiyyətinə münasibətinə görə həmin legionlarda yer almışdı. Əlbəttə, legionların müharibədə iştirakı yalnız sovet ordusuna qarşı döyüşməkdən ibarət deyildi. Bu, həm də Azərbaycanın gələcəyi ilə bağlı müxtəlif siyasi baxışların nəticəsi idi. Onların böyük hissəsi təkcə sovet-alman cəbhəsində deyil, Avropanın müxtəlif bölgələrində gedən döyüşlərdə də iştirak edib və həlak olub.

– Mais bəy, Qərbdə yaşayan bir çox görkəmli azərbaycanlılar Hitler Almaniyası ilə əməkdaşlıqdan imtina etmişdi. Bunun səbəbi nə idi?

- 1920-ci ildə bolşeviklərin hakimiyyəti ələ almasından sonra bir çox azərbaycanlı siyasi xadim mühacirət etməyə məcbur oldu. Onların bir hissəsi Almaniyada və digər Avropa ölkələrində yaşayırdı. Müharibənin ilk illərində bəzi mühacirlər düşünürdülər ki, SSRİ ilə Almaniya arasında gedən müharibənin nəticəsindən asılı olmayaraq, Azərbaycan öz müstəqilliyini bərpa etməlidir. Lakin sonrakı hadisələr göstərdi ki, Hitler Almaniyasının planları Azərbaycan üçün real müstəqillik vəd etmirdi.

Hitlerin planlarına əsasən böyük Türküstan dövləti yaradılması nəzərdə tutulurdu və Azərbaycan da həmin layihənin tərkib hissəsi kimi düşünülürdü. Bunu anlayan görkəmli azərbaycanlı siyasi xadimlər – o cümlədən Məmməd Əmin Rəsulzadə və başqaları Almaniya ilə əməkdaşlıqdan imtina etdilər. Onlar başa düşürdülər ki, nasist Almaniyasının qələbəsi Azərbaycanın həqiqi müstəqilliyinə xidmət etməyəcək. Bu imtinanın nəticəsində həmin şəxslərin bir hissəsi təqiblərə və terrora məruz qaldı, bir hissəsi isə ömrünün sonuna qədər mühacirətdə yaşamağa məcbur oldu.

– Bəzi siyasətçilər hesab edirdilər ki, müharibədə Almaniya qalib gəlsəydi, dünyanın siyasi mənzərəsi hazırkından çox fərqli ola bilərdi. Sizcə, bu düzəndə Azərbaycanın mövqeyi necə formalaşa bilərdi?

- Bu gün müxtəlif siyasi dairələrdə müharibənin nəticələri ilə bağlı fərqli fikirlər səslənir. Onlardan biri də odur ki, əgər Almaniya qalib gəlsəydi, dünyanın sonrakı siyasi düzəni necə formalaşardı. Əlbəttə, bunlar daha çox ehtimallara əsaslanan yanaşmalardır. Çünki tarixin alternativ inkişaf istiqamətini tam dəqiqliklə müəyyən etmək mümkün deyil. Lakin bir həqiqət var ki, II Dünya müharibəsi təkcə dövlətlərin sərhədlərini deyil, bütövlükdə dünyanın siyasi sistemini dəyişdi.

Müasir dövrdə baş verən müharibələr də göstərir ki, qlobal qarşıdurmaların kökündə əsasən geosiyasi maraqlar, enerji resursları, strateji ərazilər və iqtisadi üstünlük dayanır. Bu baxımdan həmin dövrdə də Azərbaycanın taleyi yalnız bir müharibənin nəticəsindən asılı ola bilməzdi. Mən düşünürəm ki, müharibədə kimin qalib gəlməsindən asılı olmayaraq, Azərbaycan gec-tez öz müstəqilliyini bərpa edəcəkdi. Biz bunu 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində də gördük.

1945-ci ildə qalib gələn SSRİ təxminən 45 il sonra dağıldı. Müharibədə məğlub olmuş Almaniya isə 40 il sonra yenidən birləşərək güclü dövlətə çevrildi. Bu da göstərir ki, dövlətlərin gələcəyi yalnız müharibənin nəticəsi ilə müəyyən olunmur.

Bu gün Azərbaycan müstəqil dövlət kimi həm Qərb, həm Şərq ölkələri ilə münasibətlər quraraq öz suverenliyini qorumağa çalışır. Ona görə mən belə hesab edirəm ki, dünyanın indiki düzənində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı xarici siyasət bir daha onu göstərir ki, Azərbaycan istə Avropa dövlətləri, istər Şərq və Yaxın və Uzaq Şərq dövlətləri arasında, ümumilikdə bütün dünya ictimaiyyəti ilə münasibətlərini saxlayaraq, öz müstəqilliyini qoruya bilmişdi. Azərbaycan bir suveren dövlət kimi özünün daxili və xarici siyasətini özü müəyyən etsin. Azərbaycan dünya dövlətlərinin bir hissəsi kimi öz xalqının gələcək firavanlığını bərpa edə bilsin. Bu baxımdan təbiidir ki, Azərbaycanın mövqeyinin bu gün necə formalaşması, onun gələcək mövqeyinin formalaşmasından çox asılıdır.

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
30
qaynarinfo.az

10Mənbələr