"Dmitri Medvedev heç də Ukrayna təbliğatında qələmə verildiyi kimi "əyyaş" və ya "axmaq" biri deyil. Sadəlövh bir şəxs onillər boyu Rusiya kimi nəhəng ölkəni idarə edən Putinin sağ əli ola bilməz. Medvedevin Telegram kanalında paylaşdığı qeyri-etik və sərt ifadələr əslində Rusiyadakı narazı, pis yaşayan və 'ura-patriot' kəsimin emosiyalarını idarə etmək üçün ona biçilmiş xüsusi bir siyasi vəzifədir".
Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində siyasi ekspert Elçin Alıoğlu deyib.
Onun sözlərinə görə, Rusiya rəhbərliyi cəmiyyətdəki sosial gərginliyi yönləndirmək üçün düşmən obrazı yaratmaq məcburiyyətindədir: "Rusiyada on milyonlarla insan çox pis şəraitdə yaşayır və onlara bu vəziyyətin günahkarını göstərmək lazımdır. Medvedev məhz bu kütləyə xidmət edir, onların emosiyalarını coşdurur. Putin isə Qərb tərəfdaşları bu təhqirlərdən şikayətlənəndə, 'bu onun şəxsi fikridir' deyərək məsuliyyətdən yayınır və bu 'yaxşı polis - pis polis' oyunundan məharətlə istifadə edir".
Siyasi ekspert qeyd edib ki, bu taktika Rusiya tarixində yeni deyil və çarlar dövründən bəri tətbiq olunur: "Qorxulu İvanın yanında Skuratov, Birinci Pyotrun yanında Menşikov olduğu kimi, Putinin yanında da Medvedev bu rolu ifa edir. Medvedevin sosial şəbəkələrdəki paylaşımları fərdi qərar deyil, daxili auditoriyanın hiddətini xarici düşmənlərə yönəltmək üçün sistemli şəkildə həyata keçirilən bir siyasətdir".
Musavat.com