AZ

Qurban Qurbanov: “Özümüzü haqlı çıxara bilmərik” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 31-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Uzaq səfərdə komandanı tək qoymadıqları üçün azarkeşlərə təşəkkür edirəm. Futbolçular tam gücləri ilə oynadılar. Onlara iradlarım yoxdur. Həm qalib gələ, həm də məğlub ola bilərdik. İntizamlı, döyüşkən komanda ilə heç-heçə etdik. “Qəbələ” həm oyununa, həm xarakterinə görə bəlkə də daha yaxşı yerlərdə olmalı idi. Kaxaber Sxadadze yaxşı sistem qurub. Çempionatın sonuna yaxınlaşmışıq. Həm fiziki, həm də psixoloji yorğunluq futbolçulara təsir edir. Qarşıda iki oyunumuz var. Həmin matçlara ciddi hazırlaşmalıyıq. Fikrimcə, nəticə oyuna görə idi. Hər iki komandaya uğurlar arzulayıram.

Oyunun sonuna yaxın əvəzetmə barədə düşündük. Amma ehtiyat etdik ki, sistem pozula bilər. Həm də belə havada sonradan oyuna girənlərdə nəfəs almaqda çətinlik olur. Ümumiyyətlə, səfər komandaları üçün Qəbələdə oynamaq həmişə çətin olub. Sona kimi oyunu pozmamağa çalışdıq. Rəqib tam qapanmışdı. Sürətə çox da ehtiyac yox idi. İstədik ki, futbolçular 90 dəqiqə oyunun gərginliyini hiss etsinlər”.

Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinalında qarşılaşdıqları “Sabah”la oyuna görə ağır cəza və cərimələrlə üzləşmələrinə də münasibət bildirib:

“Deyəcək bir söz yoxdur. Belə qərar veriblər. Əgər aqressiv hərəkətimiz olubsa, özümüzü hansısa epizoda görə haqlı çıxara bilmərik. Çünki oyunçularımız aqressiv hərəkət ediblər, hakimə təzyiq göstəriblər. Qərar verilib, biz də razılaşmalıyıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
1
11
arena.az

10Mənbələr