AZ

Zəngilan təkcə bölgənin deyil, böyük bir coğrafiyanın nəqliyyat mərkəzinə çevrilir - ŞƏRH

Bakı, 11 may, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edən xalq bu gün dahi şəxsiyyətin vəsiyyətini həyata keçirərək Azərbaycanın hər qarış torpağını yenidən qurur və dirçəldir. Ümummilli Lider Heydər Əliyevin doğum gününün Zəngilanda, Zəngilan sakinləri ilə birlikdə qeyd olunması Ulu Öndərin irsinə göstərilən yüksək ehtiramın və sədaqətin bariz nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycanın düşməndən fərqli olaraq qurub-yaratması bir daha sübut edir ki, bu torpaqların əsl sahibi Azərbaycan xalqıdır. Böyük güclərin təzyiqlərinə, həmçinin daxildə və xaricdə səriştəsiz siyasət aparan qüvvələrin fəaliyyətinə baxmayaraq, xalq öz torpaqlarını azad etdi. Bu isə dövlətimizin başçısının düzgün strategiya müəyyənləşdirdiyini göstərir. Həmin strategiyanın əsas dayağı xalqın iradəsi və dəstəyi idi. Çünki Azərbaycan xalqı vaxtilə Ümummilli Lider Heydər Əliyevi hakimiyyətdə görmək istədi və inandı ki, ölkəni üzləşdiyi ağır böhrandan yalnız onun siyasi dühası xilas edə bilər.

'Xəyanətkar qüvvələrin fəaliyyəti nəticəsində Şuşa, Laçın və Kəlbəcər işğal olunmuşdu, ölkədə xaos və anarxiya hökm sürürdü. Məhz belə bir məqamda Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Minlərlə gəncin qanının tökülməsinin qarşısını alan məhz onun qətiyyətli siyasəti oldu. Əgər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, nə bugünkü reallıqları yaşayardıq, nə də xalqımızın taleyində bu qədər mühüm dönüşlər baş verərdi.

Tarix boyu Azərbaycan xalqının erməni xalqı ilə düşmənçilik siyasəti olmayıb. Azərbaycan xalqı nə talançılıq edib, nə qəddarlıq göstərib. Buna baxmayaraq, əsassız iddialarla tarixi torpaqlarımıza göz dikildi, xarici havadarların dəstəyi ilə torpaqlarımız işğal edildi, xalqımıza ağır zülmlər yaşadıldı. Bu gün isə regionda sülhün müəllifi Azərbaycandır. Buna görə də Azərbaycan xalqının qələbəsinə və yaratdığı yeni reallığa hörmətlə yanaşılmalıdır”, -deyə deputat bildirib.

A.Badamov vurğulayıb ki, Zəngilan sakinləri ilə səmimi görüşü zamanı dövlətimizin başçısı hələ də regionda məkirli planlar quran qüvvələrə də açıq mesaj verdi və Azərbaycanın prinsipial mövqeyini bir daha bəyan etdi.

“Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri anlamalıdır ki, Azərbaycan heç bir dövlətin ərazisinə iddia etmir. Azərbaycanın gücü kifayət qədərdir və istənilən məsələni qəti şəkildə həll etmək imkanına malikdir. Lakin ölkəmiz sülh və sabitliyin tərəfdarıdır. Bu baxımdan, guya Ermənistanı Azərbaycandan qorumaq görüntüsü yaratmaq və belə bir ssenarini beynəlxalq ictimaiyyətə təqdim etmək qəbuledilməzdir”, -deyə deputat əlavə edib.

Deputat qeyd edib ki, hazırda regionun siyasi və iqtisadi mənzərəsi yenidən formalaşır. Bu yeni reallıqda Zəngilan xüsusi strateji əhəmiyyətə malik rayonlardan biridir. Artıq Zəngilanda beynəlxalq hava limanı, konqres mərkəzi fəaliyyət göstərir, kənd təsərrüfatı müəssisələri yaradılır. Ən mühüm məqamlardan biri isə Zəngilanın beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsidir. Bu amil Azərbaycanın və bütövlükdə regionun mühüm nəqliyyat mərkəzinə çevrilməsinə xidmət edir.

Yaxın zamanlarda Xankəndiyə dəmir yolu ilə gediş-gəlişin təmin olunması nəzərdə tutulur. Dəmir yolu xətlərinin çəkilişi davam etdirilir ki, bu da həm vaxta, həm məsafəyə, həm də resurslara qənaət deməkdir. Azərbaycan ilə Naxçıvan arasında coğrafi bağlantının təmin olunması istiqamətində mühüm işlər görülür. Dövlətimizin başçısı bu barədə məlumat verərək qeyd edib ki, artıq zəruri infrastruktur yaradılır, sərhəd-gömrük məntəqələri və digər mühüm obyektlər inşa olunur.

“Zəngilanın strateji mövqeyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət planlı, məqsədyönlü və düşünülmüş strategiyaya əsaslanır. Zəngilan təkcə bölgənin deyil, daha geniş coğrafiyanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilir. Bununla yanaşı, rayonun yenidən qurulması və müasir şəkildə inkişaf etdirilməsi Azərbaycan vətəndaşlarının rahat və təhlükəsiz yaşayışına xidmət edir",- deyə o əlavə edib.

Seçilən
46
46
azertag.az

10Mənbələr