Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri təkcə bu ölkə üçün deyil, bütün region üçün mühüm siyasi hadisə sayılır. Son illərdə ağır məğlubiyyət, daxili siyasi böhran və iqtisadi çətinliklərlə üzləşən Ermənistan yeni siyasi mərhələyə hazırlaşır. Seçkinin əsas fiquru isə yenə Baş nazir Nikol Paşinyan olacaq. Paşinyanın üstünlüyü hakimiyyət resurslarını əlində saxlaması və Qərblə münasibətləri qorumağa çalışmasıdır. O, cəmiyyətin bir hissəsinə “növbəti müharibədən qaçış və sabitlik” mesajı verir. Bununla yanaşı, müxalifət onu Qarabağ məsələsində güzəştlərdə ittiham edir və hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Lakin müxalif düşərgə hələ də parçalanmış vəziyyətdədir və vahid namizəd ətrafında birləşə bilmir. Metbuat.az xəbər verir ki, Paşinyanın əsas rəqibləri arasında keçmiş hakimiyyətə yaxın qüvvələr, radikal millətçilər və açıq şəkildə Rusiya yönümlü siyasətçilər var. Bu qüvvələr revanşist ritorika ilə çıxış edir, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı olduqlarını gizlətmirlər. Onların siyasi çıxışlarında tez-tez sərt şovinist bəyanatlar səslənir. Ekspertlərin fikrincə, belə qüvvələrin hakimiyyətə gəlməsi regionda gərginliyi yenidən artıra bilər. Məhz bu səbəbdən Azərbaycanda müəyyən siyasi və ekspert dairələri Nikol Paşinyan hakimiyyətinin davam etməsini daha məqbul variant kimi qiymətləndirirlər. Paşinyan hökumətinin ziddiyyətli bəyanatlarına baxmayaraq, ümumi siyasi xətti yeni genişmiqyaslı müharibədən yayınmağa hesablanıb. Ümumi yanaşma bundan ibarətdir ki, Ermənistan Azərbaycanın təqdim etdiyi baza prinsiplərini qəbul edib və sülh müqaviləsi üzərində iş aparıldığını açıq şəkildə bəyan edir. Robert Köçəryan kimi revanşist və Rusiyaya yaxın siyasi qüvvələrin yenidən hakimiyyətə gəlməsi arzuolunan deyil. Çünki həmin düşərgə daha sərt millətçi ritorikası və əvvəlki status-kvonu bərpa etməyə yönəlmiş yanaşması ilə tanınır. Ekspertlər hesab edirlər ki, belə qüvvələrin hakimiyyətə qayıdışı Ermənistanın yenidən aqressiv siyasət kursuna dönməsi riskini artıracaq. Bu isə yalnız Azərbaycan-Ermənistan münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazdakı təhlükəsizlik balansına mənfi təsir göstərə bilər. Bakı üçün əsas məsələ şəxslər deyil, Ermənistanın hansı siyasi xətti seçəcəyidir. Erməni xalqının üzərinə böyük məsuliyyət düşür. Gərək doğru seçim edib əvvəlki illərin səhvlərini təkrarlamasınlar. Yaxın keçmişin təcrübəsi göstərir ki, heç bir səhv cəzasız qalmır...Nazim Hüseynzadə / Metbuat.az