AZ

Bir ay qalmış açıq suallar - ARTİ-dən 4 və 6-ci siniflərə "sürpriz"

Azərbaycanda 4 və 6-cı sinif şagirdləri ilk dəfə açıq tipli tapşırıqlarla üzləşəcək. Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 2026-cı ilin iyun ayında keçiriləcək səriştə əsaslı monitorinq üzrə yeni çərçivə sənədini təqdim edib. Sənədə əsasən, monitorinqlərdə ilk dəfə açıq yazılı suallar və şəkil əsaslı tapşırıqlar tətbiq olunacaq.

Qərar təhsil ictimaiyyətində fərqli reaksiyalar doğurub. Təhsil ekspertləri və bəzi deputatlar dəyişikliklərin mahiyyətini müsbət qiymətləndirsələr də, tətbiq vaxtının gec elan edilməsinin şagirdlər üçün əlavə psixoloji yük yarada biləcəyini bildirirlər.

ARTİ-nin açıqlamasına görə, yeni çərçivə sənədi Avstraliya Təhsil Tədqiqatları Şurası (ACER) ilə əməkdaşlıq çərçivəsində beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanıb. Sənəd monitorinqin hansı bacarıqları və hansı metodologiya ilə ölçəcəyini müəyyənləşdirən əsas konseptual baza hesab olunur.

Yeni modelə əsasən, 4-cü siniflər üzrə tədris dili fənnindən iki mətni əhatə edən ümumilikdə 27 tapşırıq təqdim ediləcək. Bunlardan ikisi açıq yazılı sual olacaq. Bundan əlavə, şagirdlərin söz tanıma bacarıqlarını ölçmək üçün şəkil əsaslı tapşırıqlar da daxil ediləcək. Riyaziyyat üzrə isə beş açıq tipli sual nəzərdə tutulur.

6-cı siniflərdə isə tədris dili üzrə beş mətn əsasında 25 tapşırıq hazırlanacaq. Burada da iki açıq yazılı tapşırıq yer alacaq. Riyaziyyat fənni üzrə struktur 4-cü siniflərlə eyni olacaq.

Son anda edilən dəyişiklik psixoloji yük yaradır

Milli Məclisin deputatı Vasif Qafarov hesab edir ki, belə dəyişikliklərin tədris ilinin sonuna az müddət qalmış elan olunması ciddi suallar yaradır.

Onun sözlərinə görə, təhsil sistemi ilk növbədə şagirdin psixoloji hazırlığını, müəllimlərin uyğunlaşmasını və valideynlərin məlumatlandırılmasını nəzərə almalıdır.

"İmtahan nəticələrinin rəsmi olaraq gələcəyə təsir etmədiyi bildirilsə də, “imtahan” anlayışının özü uşaqlarda stress, həyəcan və narahatlıq yaradır”, - Qafarov bildirib. 

Deputat qeyd edib ki, açıq suallar ümumilikdə düşünmə və analiz bacarıqlarının qiymətləndirilməsi baxımından müsbət addım sayılsa da, bu dəyişikliklərin əvvəlcədən pilot formada sınaqdan keçirilməsi vacib idi.

"Tədris ilinin sonuna yaxın, hazırlıq müddəti olmadan edilən dəyişiklik həm metodiki, həm də pedaqoji baxımdan tam doğru yanaşma sayıla bilməz”, - o əlavə edib. 

Qafarov əlavə edib ki, yeniliyin yeni tədris ilindən tətbiqi daha məqsədəuyğun olardı. Onun fikrincə, belə olacağı halda məktəblər, müəllimlər və valideynlər yeni modelə uyğun hazırlıq görə bilərdilər.

 Qərar ən azı bir il əvvəl açıqlanmalı idi…

Təhsil eksperti Elmin Nuri isə hesab edir ki, açıq tipli tapşırıqlar şagirdlərin zehni inkişafına və analitik düşünmə bacarıqlarına müsbət təsir göstərə bilər.

Bununla yanaşı, ekspert tapşırıqların hazırlanma mexanizmini əsas risk nöqtələrindən biri hesab edir.

"Açıq yazılı mətnlərlə bağlı nümunələrin təqdim olunması, onların həll yollarının göstərilməsi çox zəruridir”, - Nuri vurğulayıb. 

Ekspert diqqətə çatdırıb ki, belə dəyişikliklər ən azı bir il əvvəl elan edilməli idi ki, şagirdlər, müəllimlər və valideynlər uyğunlaşa bilsinlər.

O, nümunə kimi Dövlət İmtahan Mərkəzinin magistratura imtahanlarında tətbiq ediləcək yenilikləri bir il əvvəldən elan etməsini göstərib.

"4 və 6-cı siniflərlə bağlı qərar ya bir il öncədən verilməli idi, ya da indi açıqlanıbsa, gələn il üçün nəzərdə tutulmalı idi”, - ekspert əlavə edib. 

Ekspert vurğulayıb ki, söhbət 10–12 yaş aralığında olan şagirdlərdən getdiyi üçün məsələnin psixoloji tərəfi xüsusi həssaslıq tələb edir.

Bir qism valideyn artıq qərara narazılığını bildirir...

Sosial şəbəkələrdə və valideyn qruplarında qərarla bağlı narazılıqlar da müşahidə olunur. Bir qism valideyn hesab edir ki, tədris ilinin sonuna az müddət qalmış qiymətləndirmə modelinin dəyişdirilməsi uşaqların hazırlıq prosesinə mənfi təsir göstərə bilər.

Azərbaycanda açıq tipli suallar necə tətbiq olunur?

Hazırda Azərbaycanda açıq tipli və yazılı cavab tələb edən tapşırıqlar əsasən yuxarı siniflərdə və ali məktəblərə qəbul prosesində istifadə olunur. Bu qiymətləndirmə modelləri əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən buraxılış və qəbul imtahanlarında tətbiq edilir.

Son illər təhsil sistemində beynəlxalq qiymətləndirmə modellərinə inteqrasiya istiqamətində addımlar güclənib. Xüsusilə PISA və TIMSS kimi beynəlxalq qiymətləndirmə proqramlarında şagirdlərin yalnız fakt biliyi deyil, analiz, məntiqi düşünmə və yazılı ifadə bacarıqları da yoxlanılır.

ARTİ-nin yeni modeli də məhz bu yanaşmaya yaxınlaşdırılmış qiymətləndirmə mexanizmi kimi təqdim olunur.

Lakin təhsil üzrə beynəlxalq təcrübədə belə dəyişikliklər adətən mərhələli şəkildə, pilot layihələr vasitəsilə və uzun hazırlıq dövründən sonra tətbiq edilir. 

Ekspertlərin bir hissəsi hesab edir ki, Azərbaycanda əsas müzakirə mövzusu açıq tipli sualların tətbiqindən çox, bu keçidin vaxtlaması və hazırlıq səviyyəsi ilə bağlıdır.

Azərbaycanda 4 və 6-cı siniflər üçün keçirilən monitorinq imtahanlarının əsas məqsədi “imtahan etmək”dən çox təhsil keyfiyyətini ölçmək və sistemə diaqnostik qiymət verməkdir.

Azərbaycanın tətbiq etdiyi 4-6-cı sinif monitorinqləri region təcrübəsinə uyğundur,(Türkiyə,Gürcüstan,İran və Rusiya) amma fərq əsasən ondadır ki, bəzi ölkələrdə bu daha çox seçmə və statistik, Azərbaycanda isə daha geniş miqyaslı və strukturlaşdırılmış formada tətbiq olunur.

Aytac Zeynalova

Gülnar Nazimqızı 
 

 

Seçilən
0
2
anews.az

10Mənbələr