ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Məlum olduğu kimi, Ermənistanda cari ilin 7 iyun tarixinə təyin olunmuş prezident seçkiləri kifayət qədər gərgin və Ermənistan üçün taleyüklü məsələlərin həlli kontekstində keçiriləcək. Bu seçkilərdə üç əsas namizəd mövcuddur. Bunlardan biri Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan, ikincisi Samvel Karapetyan, üçüncüsü isə Robert Köçəryandır. Bu seçki Ermənistanın postmünaqişə dövründə keçirilən ilk növbədənkənar olmayan parlament seçkisidir. 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə təxminən 54%-lik nəticə ilə yenidən Nikol Paşinyan qalib gəlmişdi. Amma burada vacib bir məqam var ki, 2021-ci ildəki seçkilər müharibədən cəmi bir ildən az müddət keçdikdən sonra baş vermiş və həmin dövrdə Azərbaycan-Ermənistan, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və sülhlə bağlı proseslər tam şəkildə formalaşmamışdı".
Bunu Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.
O qeyd etdi ki, 2021-ci il seçkilərindən ötən beş il ərzində isə artıq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb, delimitasiya və demarkasiya istiqamətində ciddi addımlar atılıb:
"Bu xüsusda qeyd etmək lazımdır ki, iki ölkə arasında ictimai diplomatiya istiqamətli müəyyən yaxınlaşmalar müşahidə olunur. Azərbaycanın QHT nümayəndələri və beyin mərkəzlərinin rəhbərləri Ermənistana səfərlər edir, eyni tipli səfərlər Ermənistan nümayəndələri tərəfindən də Azərbaycana təşkil olunur. Görünən budur ki, bugünkü mərhələdə Azərbaycan-Ermənistan münasibətlərinin dinamikası və sülh quruculuğu həm Cənubi Qafqaz regionunda, həm də iki dövlət arasında uzunmüddətli sabitliyin təmin olunması baxımından olduqca mühüm əhəmiyyət daşıyır.
Nikol Paşinyan 2021-2026-cı illər ərzində Ermənistanın sərhədlərinin konkret şəkildə müəyyənləşdirilməsi siyasətini ön plana çıxarıb. O, dəfələrlə bildirib ki, Ermənistanın hazırkı beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda dövlət olaraq hər hansı ərazi iddiası yoxdur. Bu isə faktiki olaraq Ermənistanın Qarabağa, eləcə də “Qərbi Ermənistan” adı altında Türkiyə ərazilərinə yönəlik iddialardan uzaqlaşması kimi qiymətləndirilir".
Siyasi şərhçi qeyd etdi ki, belə bir şəraitdə keçirilən seçkilərdə erməni xalqı əslində yalnız Nikol Paşinyanı, Samvel Karapetyanı və ya Robert Köçəryanı seçmir, onlar eyni zamanda Ermənistanın gələcək inkişaf modelini seçirlər:
"Çünki bu üç siyasi fiqurun təklif etdiyi gələcək baxışları bir-birindən ciddi şəkildə fərqlənir. Nikol Paşinyan daha çox sülhə, regional əməkdaşlığa və qarşılıqlı iqtisadi maraqlara əsaslanan bir gələcək modelini müdafiə etdiyi halda, digər iki namizəd Samvel Karapetyan və Robert Köçəryan şovinist, separatist ritorika və irredentist yanaşmalar kontekstində çıxış edirlər. Beləliklə də Ermənistan xalqının qarşısında seçim qalır. Ya onlar Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdığı, hər üç dövlətin, eləcə də Cənubi Qafqaz regionunun sülh şəraitində yaşadığı bir modelə keçid edəcəklər, ya da yenidən separatçılıq və heç bir tarixi-siyasi əsas olmadan müxtəlif ərazilərə yönəlmiş qondarma iddialarla formalaşan bir gələcəyi seçəcəklər".

Müsahibimizin fikrincə, seçilən Paşinyan olacaqsa, burada ciddi problem yaranmayacaq:
"Çünki İlham Əliyevin son Zəngilan səfərində də bildirildiyi kimi, bu gün Azərbaycan sülh şəraitində yaşayır və bu sülhün əsas müəllifi də məhz Azərbaycandır. Əgər seçim ikinci variant olacaqsa, bu halda Ermənistanın gələcəyi ilə bağlı proseslər daha mürəkkəb və problemli xarakter ala bilər. Bu xüsusda bir məqamı da qeyd etmək lazımdır ki, bu gün Ermənistanda Qərb yönümlü və rus yönümlü siyasi qanadlar açıq şəkildə formalaşmaqdadır. Samvel Karapetyan və Robert Köçəryan daha çox Rusiya yönümlü siyasi xətti təmsil etdiyi halda, Nikol Paşinyan Qərb və Avropa inteqrasiyası istiqamətində siyasət yürüdür. Bu baxımdan son dövrlərdə Ermənistanda keçirilən Avropa siyasi tədbirləri və Ermənistanın Avropaya inteqrasiya prosesini sürətləndirməyə yönəlik addımları göstərir ki, Paşinyan həqiqətən də Qərb yönümlü siyasi kurs seçib. Digər iki namizəd isə daha çox Rusiyaya yaxın mövqedən çıxış edir. Yəni Ermənistan ya Rusiya yönümlü, ya da Qərb yönümlü inkişaf modelinə üstünlük verəcək".
Ü.Mustafayev hansı namizədin daha çox şanslı olmasından da danışdı:
"Belə görünür ki, Ermənistan cəmiyyətində hələ də rasional düşünən müəyyən bir kəsim mövcuddur. Necə ki, həmin qüvvələr 2021-ci ildə keçirilən növbədənkənar seçkilərdə Nikol Paşinyanın qalib gəlməsinə dəstək vermişdilər, bu dəfə də oxşar tendensiyanın davam etməsi mümkündür. Əgər proses bu istiqamətdə davam etsə, Paşinyanın yenidən hakimiyyətə gəlməsi ehtimalı kifayət qədər yüksək görünür və bu ssenari Ermənistan üçün daha stabil variant kimi qiymətləndirilə bilər. Azərbaycanla bağlı məsələlərə gəldikdə isə, Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycan Respublikasının xarici siyasət prinsipləri dəyişməz olaraq qalır. Azərbaycan qonşu dövlətlərlə münasibətlərini qarşılıqlı hörmət, etimad və sülh prinsipləri əsasında qurmağa çalışır.
Lakin əgər Ermənistanda hakimiyyətə gələn hər hansı qüvvə Azərbaycanla bağlı təhdid ritorikası, separatçı və ya irredentist siyasət yürütməyə cəhd edərsə, bu halda Azərbaycanın adekvat addımlar atmaq imkanları və resursları mövcuddur. Mövcud reallıq isə onu göstərir ki, bugünkü Ermənistan cəmiyyəti, dövləti və ordusu Azərbaycanla yeni qarşıdurma ssenarisinə nə hazırdır, nə də bunda maraqlıdır".
Xədicə BAXIŞLI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.