“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas bu gün “Zirə”yə qarşı keçirdikləri Azərbaycan Kubokunun final oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Valdas Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunçularımı təbrik edirəm. Onlara tək bu oyuna görə yox, mövsüm ərzində keçirdikləri bütün oyunlara görə təşəkkür edirəm. Onlar qəhrəmandırlar. Mükəmmələ yaxın bir mövsüm keçirdik. İki titul əldə etdik, 33 oyunluq məğlubedilməzlik seriyamız var idi. Liqada dominant oyun göstərdik. Liqanın bitməsinə bir ay qalmış çempion olduq. Hamısı oyunçuların əməyidir. Onlar meydanda can qoyurlar. Mövsüm boyu necə ac olduqlarını, necə can yandırdıqlarını göstərdilər. Onlar bütün qalibiyyətlərə layiq idilər.
Məşqçi heyətimə, həkimlərə, bizim meydançalara qulluq edənlərə, xadimələrə, mövsüm ərzində çalışan hər kəsə təşəkkür edirəm. Xüsusilə də klub rəhbərliyinə minnətdaram. Hər zaman yanımızda idilər. Çalışdığım 10-cu klubdur. Bu cür gözəl klubda necə xüsusi insanlar işləyir, möhtəşəm atmosfer var, inanılmaz klubdur.
“Zirə”ni təbrik edirəm. Çox yaxşı komandadır. Bu gün baş məşqçi işi görünən komandadır. Hesabı açsalar da, öz qapılarına doğru çəkilib müdafiə olundular. Matçdan həzz aldım. Qalib tərəf biz olduq.
Siz jurnalistlərə də təşəkkür edirəm, hər zaman mətbuat konfranslarına gəlirsiniz. Əziyyət çəkirsiniz, Azərbaycan futbolu haqda məlumatlar çatdırırsınız.
Yaxşı oyun göstərmək oyunçularımın vəzifəsidir. Çalışıram ki, həmişə yaxşı oynayaq, azarkeşlər üçün hücumameyilli oyun göstərək. Azarkeşlərimiz futbolumuzdan həzz alsınlar. Hansı rəqibə qarşı oynayırıq, fərqi yoxdur. Seçim etsəm, hər iki qol çox önəmlidir. Biri olmasaydı, qələbə qazanmayacaqdıq. Hər ikisi fantastik qol idi. Bu qələbələrin arxasında komanda işi var. Məsələn, Mikels mövsüm boyu möhtəşəm oynadı, o olmayanda Kahim Parris, Xəyal Əliyev var idi, onu çox yaxşı əvəzlədilər, çox önəmli qollar vurdular. Futbolçularım həqiqətən qəhrəmandırlar. Yer üzərində ən xoşbəxtəm, fəxr edirəm ki, bu cür oyunçularım var”.
Dambrauskas “Sabah”ə əvvəlki klubları ilə müqayisə etmək istəmədi
Litvalı mütəxəssis “Sabah”ı daha öncə titullar qazandırdığı əvvəlki klubları ilə müqayisə etmək istəməyib:
“Əvvəlki klublarımla “Sabah”ı müqayisə etmək istəməzdim. Çünki hər bir klub mənim üçün əziz olub. Çempion olmağı, titullar qazanmağı hər kəs istəyir. Ola bilər ki, bu, sənin son titulun olsun, bunu Allah bilir. “Hayduk”la qazandığım kubok çox həyəcanverici idi. Azərbaycanda da çempion oldum, özəl duyğulardır. Mövsüm ərzində iki titul qazanmaq duyğuları daha da özəlləşdirir. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. İnanıram ki, gələcəkdə onları daha da xoşbəxt edəcəyik, daha da gözəl duyğular yaşadacağıq”.
