2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
Musavat.com Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çoxdur.
Dörd ayda iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,7 faiz artıb.
Komitənin hesablamalarına görə, ÜDM istehsalının 35,7 faizi sənaye(ötən ilin yanvar-aprelində 37,3 faizi), 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri(9,9 faiz), 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı(7 faiz), 4,9 faizi tikinti(5,9 faizi), 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq(3,3 faizi), 3,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə(2,8 faizi), 2,1 faizi informasiya və rabitə sahələrinin(1,8 faizi), 22,8 faizi digər sahələrin(21,7 faizi) payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini(10,3 faizi) təşkil edib.
Maraqlıdır ki, yanvar-aprel ayları üzrə Statistika Komitəsi adambaşına düşən ÜDM göstəricisini açıqlamayıb. Rəsmi statistikanın mənfi göstəriciləri mümkün olan qədər gizlətmək təcrübəsini nəzərə alsaq, adambaşına düşən real ÜDM həcminin azaldığını söyləyə bilərik.
Əvəzində komitə ilk dörd ayda ÜDM artımının yüksək olduğu sahələri qeyd edib. Belə ki, bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 9,0 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,0 faiz, sənayedə 0,6 faiz, digər xidmət sahələrində 0,5 faiz artıb. Tikinti sektorunda istehsal kəskin - 19,0 faiz azalıb.
ÜDM-də ən böyük paya malik sənaye sektorunda 2026-cı ilin yanvar-aprel aylarında 21,1 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə cəmi 0,3 faiz çox sənaye məhsulu istehsal edilib. Bu zaman sənayenin neft-qaz sektorunda istehsal 0,9 faiz azalmaqla 14 milyard 21,8 milyon manat, qeyri-neft-qaz sektorunda 7,2 faiz artmaqla 7 milyard 92,2 milyon manata bərabər olub.
Hesabatdan aydın olur ki, emal sənayesində(Ümumi sənaye istehsalında payı 33,4 faizə bərabərdir) 2026-cı ilin yanvar-aprel aylarında 6,2 faiz təşkil edən artım daha çox avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, əczaçılıq məhsullarının istehsalı, toxuculuq sənayesi, elektrik avadanlıqlarının istehsalı, poliqrafiya məhsullarının istehsalı, tütün məmulatlarının istehsalı sahələrində qeydə alınıb.
Yeri gəlmişkən, Sumqayıtda Çin investisiyası ilə işə salınan zavodda avtobusların istehsalı hesabına bu ilin 4 ayında qoşqu və yarımqoşquların istehsalı sahəsində 2,77 dəfəlik artım qeydə alınıb. Emal sənayesindəki artımın əsas drayveri də məhz bu sahədir.
Dörd ayda Azərbaycanda maşın və avadanlıqların istehsalı 4 dəfəyə yaxın, kimya sənayesi istehsalı 8,8 faiz, kompüter, elektron və optik məmulatlar istehsalı 40 faiz azalıb.
İqtisadçı Eldəniz Əmirova görə, açıqlanan göstəricilər bu ilin ilk rübündə müşahidə olunan mənfi dinamikanın ardından artıq aprel ayından etibarən Azərbaycan iqtisadiyyatında yenidən müsbət hərəkətliliyin görünməyə başladığından xəbər verir: “Amma neft-qaz sektorunda geriləmə vardır. Belə ki, neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalaraq 12 milyard 135 milyon manata düşüb. Çox vaxt sual verilir ki, neftin qiyməti yüksəlirsə, niyə neft-qaz sektorunda azalma görünür? Səbəb ondadır ki, ÜDM hesablanarkən neftin bazardakı satış qiyməti deyil, ölkədə nə qədər neft və qaz hasil olunduğu, yəni istehsal həcmi əsas götürülür. Yəni hasilat azalanda, qiymətlər yüksək olsa belə, statistik olaraq sektorda azalma olur.
Qeyri-neft-qaz sektoru isə 0,7 faiz artaraq 27 milyard 740,1 milyon manata çatıb. Bu da iqtisadi aktivliyin getdikcə daha çox qeyri-neft sahələri hesabına formalaşdığını göstərən müsbət siqnaldır”.
İqtisadçının fikrincə, birinci rübdəki mənfi 0,3 faizlik nəticədən sonra dinamikanın aprel ayında müsbət 0,2 faizə keçməsi göstərir ki, bu temp qorunarsa, 2026-cı ilin sonuna ÜDM artımının təxminən 1,3-1,5 faiz civarında olacağını ehtimal etmək olar:
“Təbii ki, mövcud dinamika saxlanılarsa. Hətta iqtisadi aktivliyi gücləndirən əlavə qərarlar və addımlar olarsa bu temp daha da sürətlənə bilər”.
Qeyd edək ki, birinci rübdə ölkədə qeydə alınan 0,3 faizlik ÜDM azalması fonunda Mərkəzi Bank iqtisadi artım proqnozlarına azaltma istiqamətində dəyişiklik edib. Belə ki, qurumun yeni proqnozuna əsasən bu il Azərbaycanda iqtisadi artım 1,1 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 3,2 faiz təşkil edəcək. Gələn il üçün isə müvafiq olaraq 3,2 faiz və 4,7 faiz artım proqnozlaşdırılır. Xatırladaq ki, AMB bu ilin fevralında 2026-cı ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) 2,4 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 4 faiz, 2027-ci ildə isə müvafiq olaraq 2,9 faiz və 4,3 faiz artacağını proqnozlaşdırmışdı.
İqtisadi artım sürətinin artması istiqamətində əsas diqqətçəkən amil iqtisadiyyata investisiya qoyuluşlarının artım tempinin minimuma düşməsi, qeyri-neft sektoru üzrə isə kəskin azalmadır. Belə ki, rəsmi statistikaya əsasən 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 275 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz çox investisiya yönəldilib. Bu dövrdə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 39,7 faiz artaraq 2 milyard 63,1 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 12,4 faiz azalaraq 3 milyard 211,9 milyon manat təşkil edib.
Daxili mənbələrdən invcestisiya qoyuluşu 1,8 faiz azalmaqla 3 milyard 759 milyon manat, xarici mənbələrdən qoyuluşlar isə 15,5 faiz artaraq 1 milyard 516 milyon manata bərabər olub. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 19,9 faiz artaraq 3 milyard 138,2 milyon manat, xidmət sahələri üzrə real ifadədə 13,8 faiz azalaraq 1 milyard 420,4 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 18,3 faiz azalaraq 716,4 milyon manat təşkil edib.
E.Əmirovun sözlərinə görə, iqtisadiyyata investisiyaların azalması doğrudan da risk yaradır:
“Çünki qeyri-neft sektorunda bugünkü investisiya adətən 6-18 ay sonra istehsal, xidmət və məşğulluq artımında özünü göstərir. Əgər bu azalma davamlı xarakter alarsa, ilin ikinci yarısında və hətta növbəti il üçün risklər artar. Amma düşünürəm ki, investisiya qoyluşunda azalma davamlı olmaz. Hər halda, potensial yüksəkdir. Digər bir məsələ də budur ki, azalmanı daxili istehlak, dövlət sifarişləri və ixrac aktivliyi qismən kompensasiya edə bilər. Amma təbii ki, bu, dayanıqlı və uzun müddətli dövr üçün yetərli olmaya bilər. Odur ki, investisiya ölkə iqtisadiyatı üçün hava su kimi lazımdır”.
Dünya,
Musavat.com