Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
Aznews.az xəbər verir ki, növbəti mərhələdə Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanı yola salınıb.
Köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.
Bu mərhələdə Zəngilan şəhərinə 5 ailə olmaqla 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə olmaqla 453 nəfər köçürülüb. Beləliklə, ümumilikdə 112 ailə – 479 nəfər doğma yurduna qayıdıb.
Məlumata görə, Zəngilan şəhərinə köçürülən ailələrin 4-ü Bakıdan, 1-i isə Sumqayıtdandır. Bununla da şəhərə indiyədək ümumilikdə 84 ailə – 339 nəfər köçürülüb.