Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb - YENİLƏNİB
İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar. 1news.az Trend-ə istinadən xəbər verir ki, bu gün Şükürbəyli kəndinə 107 ailə olmaqla 453 nəfərə qucaq açıb qayıdıb. Qeyd edək ki, Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla ümumilikdə 2522 nəfərin - 615 ailənin köçürülməsi nəzərdə tutulur. 08:43 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 5 ailə - 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə - 453 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.