AZ

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Bakı, 23 may, AZƏRTAC

Abşeron rayonunun Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-2106” və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol qəzasının baş verdiyi, “VAZ-2106” markalı avtomobilin sərnişininin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 2000-ci il təvəllüdlü Nəcəfov Əşrəf Mahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
14
20
azertag.az

10Mənbələr