AZ

Dünya çempionatı: Zirəddinlə Əşrəf finalda!

Albaniyanın paytaxtı Tirana şəhərində 23 yaşadək güləşçilər arasında təşkil olunmuş dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, ikinci gündə sərbəst güləş üzrə Azərbaycan millisinin daha dörd üzvü mübarizəyə qoşulub.

57 kq-da yarışan Rəhman İmanov 1/8 finalda almaniyalı Niklas Şteleyə məğlub olub (6:10) və mübarizəni erkən dayandırıb.

Zirəddin Bayramov (65 kq) 1/8 finalda moldovalı Pavel Qraupa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. Bayramov amerikalı Brok Hardidən də güclü olub – 14:11. Zirəddin yarımfinalda gürcüstanlı Qoqa Otinaşviliylə güləşib. Azərbaycan pəhləvanı gürcü rəqibinə də 5:1 hesabıyla qalib gələrək finala yüksəlib. Bayramov sabah finalda rusiyalı İbrahim İbrahimovla güləşəcək.

70 kq-da mübarizə aparan Kənan Heybətov ilk mərhələdə rusiyalı İnalbek Şeriyevə uduzub – 3:13. Rəqibi finala qədər irəlilədiyi üçün Azərbaycan güləşçisi təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Belə ki, Heybətov sabah Faruk Jelasi ilə üz-üzə gələcək.

Əşrəf Aşırov (79 kq) debütdə ermənistanlı Menua Yaribekyan üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz 1/8 finalda ispaniyalı Qabriel Ramosu da tam üstünlüklə məğlub edib – 13:0. Aşırov 1/4 finalda hindistanlı Saqar Jaqlana heç bir şans tanımayıb – 10:0. Əşrəf yarımfinalda qazaxıstanlı Şamsat Tairlə üz-üzə gəlib. Bu rəqibinə də tam üstünlüklə (11:0) qalib gələn Aşırov finala yüksəlib. Əşrəf sabah finalda rusiyalı Maqomed Maqomayevlə güləşəcək.

Xatırladaq ki, U-23 dünya çempionatı oktyabrın 29-na qədər davam edəcək. Azərbaycanı bu mundialda 25 güləşçi təmsil edir. 1-ci dərəcəli hakim İntiqam Alıyev də Tiranada ədaləti qoruyanlar sırasında yer alıb.

Seçilən
497
2
arena.az

10Mənbələr