AZ

İsrail Hərbi Hava Qüvvələri iyunun 13-nə keçən gecə İrana zərbələr endirib

İsrail ordusu İrana zərbə endirib. İsrail mümkün cavab hücumuna görə fövqəladə vəziyyət elan edib. Bu barədə Oxuməni.az “Axios” və “The Times of Israel”ə istinadən xəbər verir.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-nə keçən gecə İrana zərbələr endirib.Xəbər agentlikləri Tehranda partlayışlar və hava hücumundan müdafiə əməliyyatları haqqında məlumat yayıb.

İsrail və Qərb mediası mənbələrə istinadən qeyd edir ki, ABŞ əməliyyatda iştirak etmir və İrana hücumda yardım göstərmir. Daha sonra ABŞ dövlət katibi Mark Rubio bu məlumatı təsdiqləyib.

Videonu Oynat

"İsrail bu gecə İrana qarşı birtərəfli addım atdı. Biz İrana zərbələr endirməkdə iştirak etmirik və bizim əsas prioritetimiz regiondakı Amerika qüvvələrini qorumaqdır".

İsrail ordusu İranın nüvə obyektlərinə hücumu təsdiqləyib. Əməliyyata "Şir millət" adı verilib. Hərbçilər bildirirlər ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisində nüvə proqramı və digər hərbi obyektlərlə bağlı onlarla obyektə zərbələr endirib.

İsrail qüvvələri İranın bir neçə gün ərzində bir neçə bomba hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uranın olduğunu və bu “qabaqda gələn təhlükəyə” qarşı tədbir görməyin lazım olduğunu bildirir.

İnternetdə İsrailin İrana endirdiyi zərbələrin nəticələrini əks etdirən videolar yayımlanır. İlkin məlumatlara görə, İDF təkcə Tehrana deyil, Natanz, Xürrəmabad və Həmədan şəhərlərinə də hücum edib. İranın nüvə proqramının orada yerləşdiyi iddia edilir.

İsrailin müdafiə naziri İsrael Katz İranın mümkün cavabı səbəbilə ölkə daxilində fövqəladə vəziyyət elan edib. O, “İsrailin bütün ərazilərində arxa bölgələrdə xüsusi fövqəladə vəziyyətin tətbiqi haqqında xüsusi sərəncam” imzaladığını bildirib.

“İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə İsrailə və onun mülki əhalisinə qarşı raket və pilotsuz təyyarə hücumu gözlənilir”, - deyə İsrail mediası nazirin sözlərindən sitat gətirib.

Bu arada, İsrail Müdafiə Qüvvələri (IDF) təhsil tədbirlərini, toplantıları qadağan edib və işçiləri vacib sektorlar istisna olmaqla işdən uzaq durmağa çağırıb.İDF-nin Arxa Komandanlığı xəbərdarlıq edib ki, İsrail yaxın saatlarda “şərqdən əhəmiyyətli hücumla” üzləşə bilər. Hərbçilərin fikrincə, bunlar ölkənin istənilən yerinə çata bilən “ağır raketlər” ola bilər. Bu arada İran Tehran yaxınlığındakı əsas İmam Xomeyni hava limanında bütün uçuşları dayandırıb.

Baş nazir Benyamin Netanyahu İrana hava hücumlarından sonra təhlükəsizlik kabinetinin iclasını çağırıb. Netanyahu həmçinin İsrailin İrana qarşı əməliyyatının lazım olduğu qədər davam edəcəyini qeyd etdiyi videomüraciət də yayıb. Eyni zamanda İDF bildirir ki, bu, əməliyyatın yalnız birinci mərhələsidir. Mediada onun bir neçə gün davam edəcəyi bildirilir. İsrail baş nazirinin sözlərinə görə, əməliyyatın məqsədi İranın nüvə infrastrukturuna, ballistik raket zavodlarına və hərbi potensialına zərbə endirməkdir.

Əziz Mustafa

Seçilən
22
22
oxumeni.az

10Mənbələr