AZ

Hansı daha güclüdür: İran, yoxsa İsrail - Müqayisə

İsrailin bu gün səhər saatlarında İranın nüvə obyektlərinə hava hücumu təşkil etdiyini açıqlamasının ardından Tehran da qısa müddət sonra cavab verəcəyini bəyan edib. Orta Şərqdə gərginliyin kəskin şəkildə artması fonunda hər iki ölkənin hərbi gücü yenidən beynəlxalq diqqətə səbəb olub. “İranın ordusu daha böyükdür, yoxsa İsrailin silahları daha güclüdür?” sualı bir daha aktuallaşıb. 


Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki İranın ordusu say baxımından üstündür.  

 

90 milyona yaxın əhalisi olan İran, təbii olaraq İsraildən (təxminən 10 milyon) sayca daha böyük orduya sahibdir. “Global Firepower Index” məlumatlarına görə İranda 600 min aktiv, 350 min ehtiyatda olan hərbi personal və 220 min nəfərlik paramilitar qüvvə (“Besic”) mövcuddur. İsraildə isə 170 min aktiv, 465 min ehtiyatda olan hərbçi var. Bununla yanaşı, İran tank, zirehli texnika və ağır silahlar baxımından da say üstünlüyünə malikdir. 


Texnologiyada isə İsrailin üstünlüyü var. İranın hərbi texnikasının çoxu köhnədir və uzun illər davam edən beynəlxalq sanksiyalar səbəbilə müasir texnologiyaya çıxışı məhdudlaşıb. İsrail isə ABŞ başda olmaqla Qərb ölkələri ilə güclü hərbi tərəfdaşlıq quraraq, yüksək texnologiyalı silah sistemləri əldə edib. İsrail ordusu dünyanın ən müasir döyüş təyyarələrindən – “F-15”, “F-16” və “F-35” ibarət hava donanmasına malikdir. İran isə hələ də 1970-ci illərdə əldə etdiyi ABŞ istehsalı təyyarələr və bir neçə Rusiya mənşəli “MiQ” və “Su-24” qırıcıların istifadə edir. 

 

İki ölkə arasında məsafənin 1000 kilometrdən çox olması səbəbilə birbaşa quru müharibəsi ehtimalı aşağı qiymətləndirilir. 


Ekspertlər müharibənin ilk mərhələsində hava və raket hücumlarının üstünlük təşkil edəcəyini bildirirlər.  İran, Orta Şərqin ən geniş raket arsenalına sahibdir. İranın minlərlə ballistik və qanadlı raketinin olduğu bildirilir. İsrail isə daha az sayda, lakin daha dəqiq və texnoloji cəhətdən inkişaf etmiş raketlərə malikdir. İsrailin hava hücumundan müdafiə sistemi isə dünyanın ən inkişaf etmiş sistemlərindən biri hesab olunur. “Dəmir Qübbə”, “Davud Sistemi” və “Arrow-3” kimi mərhələli müdafiə sistemləri ilə İsrail, müxtəlif tipli raketləri havada zərərsizləşdirmək imkanına sahibdir. İranın isə müdafiə qabiliyyəti nisbətən zəifdir. Rusiyadan aldığı “S-300” sistemləri və yalnız bir ədəd “S-400” daha çox strateji obyektlərin qorunmasına yönəlib. 


Analitiklər qeyd edirlər ki, İran hələ ki nüvə silahına malik deyil, lakin inkişaf potensialı mövcuddur. İsrailin nüvə silahına sahib olduğu güman edilir, lakin bu məsələ nə təsdiqlənib, nə də təkzib olunub. Kaliforniyada yerləşən ABŞ Donanması Ali Hərbi Məktəbinin eksperti Afşon Ostovar bildirib ki, İran bir şəhəri dağıda və ya can itkilərinə səbəb ola bilər, amma bu müharibəni qazana bilməz. Eyni zamanda, İsrail də təkcə raketlərlə İranı məğlub edə bilməz, lakin daha ciddi zərbə vurmaq gücündədir.


Beləliklə, İran say baxımından və raket miqdarında üstündür, İsrail isə texnologiya, dəqiqlik və hava hücumu imkanları baxımından açıq fərqlənir. Hazırkı gərgin vəziyyətdə hər iki tərəf üçün də qarşılıqlı dağıdıcı gücə sahib olmaq strateji balans yaratsa da, müharibə halında İsrailin daha effektiv və təsirli cavab vermə ehtimalı yüksək qiymətləndirilir.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
10
50
sfera.az

10Mənbələr