Mərkəz müdafiəçisi İbrahima Konate "Liverpul"la müqaviləsini uzatmaq niyyətində deyil.
90deqiqe.Az-ın “AS”a istinadən yaydığı xəbərə görə, fransalı futbolçunun bütün diqqəti gələn yay Madrid "Real"ına keçməyə yönəlib və bu niyyət artıq bütün maraqlı tərəflərə məlumdur. Bildirilir ki, "Kral klubu" Konateni hələ bu yay heyətinə qatmağa cəhd edə bilər. Lakin bunun üçün əvvəlcə müdafiəçi David Alabanın komandadan ayrılması tələb olunur.
26 yaşlı futbolçu 2021-ci ilin yayından bəri "Liverpul"un formasını geyinir. "Transfermarkt" portalının məlumatına əsasən, onun bazar dəyəri 60 milyon avro təşkil edir.