Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Rəşad Eyyubov Ukrayna yığmasına qarşı oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna yığmaları sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda üz-üzə gələcəklər.
Bu gün millimizin oyundan öncə mətbuat konfransı baş tutub. Baş məşqçi Fernando Santos istefaya göndərildiyi üçün, mətbuat önünə köməkçi məşqçi Rəşad Eyyubov və millimizin hücumçusu Mahir Emreli çıxıblar. Komandamızı isə sabahkı oyuna U-21 yığmamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Rəşad Eyyubov oyundan öncəki mətbuat konfransında qısa danışıb:
“Plana uyğun məşqimizi keçdik. Məqsədimiz qısa müddət ərzində komandanı psixoloji cəhətdən hazırlamaq idi. Futbol kollektiv oyundur. Komanda şəklində çıxış etməliyik. İnanıram ki, uğurlu nəticə əldə etmək üçün komanda olaraq gücümüz və keyfiyyətimiz var”.
Mahir Emreli isə bunları söyləyib:
“Sabah bizi ağır oyun gözləyir. Rəqib haqqında danışmağa ehtiyac yoxdur. Usta futbolçulardan ibarət heyətləri var. Onlar da bura motivasiyalı gəliblər. İslandiyaya məğlubiyyəti unutdurmaq və uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu məğlubiyyət hər bir futbolçuya təsir edir, sonrakı oyuna hazırlıq prosesinə mane olur. Amma belə hallar baş verir. Dünənki matçlarda qeydə alınan nəticələri gördünüz. Qısa müddətdə 2-3 oyun oynayanda, psixoloji cəhətdən tez bərpa olmaq lazımdır.
Futbolda fərdi səhvlər, fərdi problemlər olmur. Hər kəs məsuliyyəti qəbul etməlidir. Tərifi və tənqidi qəbul etməliyik. Fikrimcə, idmanda pis zamanlar olur. Biz də neçə matçdır ki, yaxşı nəticələr qazanmırıq. Bu, hər futbolçunun üzərində təzyiq yaradır. Uşaqlar həm nəticələrlə, həm də təzyiqlə mübarizə aparırlar. Hər işdə belədir. Düşünürəm ki, bir az yaxşı nəticə qazansaq, üzərimizdəki təzyiqi azaldar və komanda yoldaşlarım bir az rahatlaşa bilərlər”.