Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, təqsirləndiriilən şəxslərin şikayəti təmin olunmayıb. Zərərçəkən Aysel Abdullayeva və Kamil Əhmədovun şikayətləri isə qismən təmin olunub.
Bakı Ağır Cinayət Məhkəməsinin hökmünə əsasən, Nuridə Seyidova 8 il 6 ay, Aysel Məmmədova 6 il 6 ay, Aynur Bayramova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Məhkəmənij gedişində isə Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.