AZ

Elmir Əliyev dünya çempionu oldu, millimiz rekorda imza atdı

Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının üzvü Elmir Əliyev Serbiyanın Novi Sad şəhərində dünya çempionu olub.

Arena.az xəbər verir ki, Serbiyada 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə daha 4 çəkidə mübarizəyə start verilib.

Elmir Əliyev (55 kq) ilk mərhələni maneəsiz keçib. Albaniyalı Andi Muka xalçaya çıxmayıb. Milli üzvü 1/8 finalda gücünü çinli Baoji Vuya (9:0), 1/4 finalda isə özbəkistanlı Xociəkbər Kuçkarova (4:2) göstərib. Elmir yarımfinalda iranlı Armin Şamsipurhacını “tuş”la yolundan kənarlaşdırıb. Əliyev bu gün finalda rusiyalı Alibek Amirovla güləşib. Güləşçimiz U-23 Avropa çempionatının yarımfinalında məğlub olduğu rəqibindən revanş alıb – 3:2. Beləliklə, Elmir karyerasında ilk dəfə dünya çempionu olub.

Fəraim Mustafayev (67 kq) hindistanlı Nişant Nişant (8:3) və qırğızıstanlı Bayaman Kərimovu (4:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda belaruslu Qleb Makarankaya minimal fərqlə (3:4) məğlub olub.

Ruslan Nurullayev (72 kq) yaponiyalı Hacime Kikutaya tam üstünlüklə (8:0), moldovalı Vasile Zabikaya isə 4:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Ruslan yarımfinala vəsiqə uğrunda mübarizədə iranlı İman Məhəmmədiyə məğlub olub – 3:5. Rəqib finala yüksəldiyi üçün Nurullayev bu gün təsəlliverici görüşə çıxıb. Təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabıyla üstələyən güləşçimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Qaspar Terteryana eyni hesabla qalib gəlib.

Əli Quliyev (97 kq) təsnifat mərhələsində rusiyalı Maksim Averinə (UWW) uduzub – 1:5.

Yunan-Roma güləşi üzrə yarışın bitməsinə 1 gün qalmış komandamız medalların əyarına görə yeni rekorda imza atıb. Belə ki, millimiz ilk dəfə U-23 dünya çempionatında 2 qızıl medal qazanıb.

Xatırladaq ki, ötən gün Ziya Babaşov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
10
7
arena.az

10Mənbələr