Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
A qrupunda yer almış “Gəncə” “Şəki”ni qəbul edib. Qarşılaşma qonaqların 84:70 hesablı qələbəsi ilə bitib.
B qrupunda mübarizə aparan “Sərhədçi” isə “Sumqayıt”la üz-üzə gəlib. “Gənclik şəhəri” təmsilçisi rəqibinə 84:80 hesabı ilə qalib gəlib.
Ötən gün keçirilmiş turun ilk oyununda “Ordu” səfərdə “Lənkəran”ı məğlub etmişdi – 91:76.
Tura noyabrın 2-də yekun vurulacaq.
A qrupu: Sabah – 8. Abşeron Lions – 8. Şəki – 7. Gəncə – 5. Neftçi – 4. NTD – 4.
B qrupu: Ordu – 10. Naxçıvan – 7. Lənkəran – 7. Quba – 6. Sərhədçi – 6. Sumqayıt – 6.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

