Azərbaycan cüdoçusu İslam Rəhimov Moldovanın paytaxtı Kişinyovda təşkil edilmiş U-23 Avropa çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatına bu gün start verilib.
İlk yarış günündə Azərbaycan milli komandası aktivinə bir qızıl medal yazdırıb.
-66 kq çəki dərəcəsində çıxış edən Rəhimov finalda Niderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbə qazanaraq çempion olub.
Turnirə 1/16 finaldan başlamış İslam ardıcıl olaraq slovakiyalı Roman Dekan və xorvatiyalı Dani Klaçarı mübarizədən kənarlaşdırıb. Növbəti görüşdə Ermənistan idmançısı Jirayr Hambaryanı məğlub edən cüdoçumuz final yolunda son olaraq ukraynalı Nazar Viskova qalib gəlib.
Xatırladaq ki, İslam Rəhimov 4 il öncə yeniyetmələr arasında Avropa çempionu tituluna yiyələnmişdi.
Digər təmsilçilərimizdən Murad Muradlı və Hüseyn Allahyarov (60 kq) günü medalsız başa vurublar.

