AZ

Xorxe Kaskilya: “Qarabağ”a qarşı yaxşı mübarizə apardıq”

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımla fəxr edirəm. “Qarabağ” kimi güclü komandaya qarşı bu səviyyədə futbol oynadıq. Birinci hissədə taktiki cəhətdən fantastik çıxış etdik. Yaxşı hazırlaşmışdıq. Bilirdik ki, “Qarabağ”ın güclü tərəfi nədir. Keyfiyyətli oyunçuları var, gözləyirdik ki, arxada boşluqları olacaq. İlk hissədə taktiki cəhətdən hər şey düzgün idi. İki epizodu əldən verdik, rəqibin hücumlarının qarşısını ala bildik. Qol vura bilmədik. Qol vura bilmirsənsə, əksi olur. İkinci hissədə bilirdik ki, bizi çətin anlar gözləyir. “Qarabağ” yüksək pressinq edəcəkdi, təzyiq göstərəcəkdi. Buna hazır idik. İlk qolu buraxdıqdan sonra taktiki cəhətdən dəyişiklik etmək istədik ki, qol vuraq. “Qarabağ”ın yüksək sürətli, texnikalı oyunçuları bundan istifadə edib, bizə 2-ci qolu vurdular. Uduzduğumuza görə, məyusuq. Amma oyunumuzdan razıyam. “Qarabağ” kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir. Onları təbrik edirəm, uğurlar arzulayıram.

Azərbaycan futbolunda “Qarabağ” piramidanın ucundadırsa, biz kiçik komandayıq, piramidadın alt hissəsindəyik. “Qarabağ”ın yüksək səviyyəli oyunçuları olduğu üçün əvəzetmələri rahat edirlər. Bizdə çətindir. Rotasiyalarımız “Qarabağ”dakı kimi deyil”.

Xorxe Kaskilya Dioqo Almeydanın ilk hissədə iki epizodu dəyərləndirə bilməməsinə də şərh verib:

“Futbolda normal haldır. Almeyda əla oyunçudur, bu matçda da yaxşı oynadı. Bizim üçün vacib futbolçudur. Topu irəlidə saxlaya bilir, rəqib qapısı qarşısında təhlükəli anlar yaradır. Onu dəyişməməyimizin səbəbi başqa oyunçunun olmaması deyil, taktiki məsələdir. Dioqonun meydanda qalması doğru idi”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
25
32
arena.az

10Mənbələr