BAKI, 10 noyabr. TELEQRAF
Rumıniya dövləti Rusiyanın “Lukoil” neft şirkətinin ölkədəki aktivlərini ala bilər.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikusor Danın iqtisadi müşaviri Radu Burnete bildirib.
“Bu mümkün variantlardan biridir, amma başa düşmək lazımdır ki, aktivləri kimə satmaq barədə qərarı yalnız ‘Lukoil’ verir”, – Burnete deyib.
Onun sözlərinə görə, Rumıniyada “Lukoil”un aktivlərini satmaqla bağlı istənilən qərar dövlət tərəfindən qiymətləndirilməlidir və mümkün sövdələşmə hökumətin təsdiqini tələb edir. Burnete əlavə edib ki, “Lukoil”un ölkənin mərkəzində yerləşən Ployeşti şəhərindəki neft emalı zavodu Rumıniyanın ümumi emal gücünün təxminən 25%-ni təmin edir və istehsalın bir hissəsi Moldovaya ixrac olunur.
Xatırladaq ki, oktyabr ayında ABŞ və Böyük Britaniya “Lukoil”u sanksiyalar siyahısına daxil edib. Bundan sonra şirkət beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.