AZ

Bakının yaratdığı yeni reallıq: Azərbaycan Mərkəzi Asiya tərəfdaşlığı nə vəd edir? Şərh

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Azərbaycanın geostrateji və geoiqtisadi imkanlarından səmərəli istifadəsi son illərdə ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb və mövqelərini möhkəmləndirib. Çoxvektorlu, praqmatik və çevik xarici siyasət sayəsində bu gün Azərbaycan həm regional, həm də beynəlxalq arenada etibarlı tərəfdaş, sabitlik və əməkdaşlıq mərkəzi kimi qəbul olunur. Bu siyasətin prioritet istiqamətlərindən biri isə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşdirilməsidir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

O bildirib ki, bütün bunlar çoxvektorlu və uğurlu xarici siyasətin nəticəsidir: 

“İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması, ölkəmizin Avropa ilə Asiya arasında strateji körpü rolunu gücləndirdi. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində qlobal əhəmiyyətli aktora çevrilməsi, nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsi ölkəmizə həm siyasi, həm də iqtisadi güc qazandırdı.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunu, qlobal gündəliyin formalaşmasında fəal iştirakını, regional liderliyini, əməkdaşlıq və dialoq təşəbbüslərinin genişlənməsini təmin edib.

Bu gün Azərbaycan beynəlxalq çağırışlara çevik reaksiya verən, dialoq mədəniyyətini təşviq edən və bölgələrarası əməkdaşlığa real töhfələr verən dövlət kimi tanınır”.

O əlavə edib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı fəallığı və mövqelərinin möhkəmlənməsi ölkəmizin türk birliyi ideyasına sadiqliyinin və bu istiqamətdə strateji yanaşmasının bariz göstəricisidir: “Regional həmrəyliyi gücləndirən bu platforma Azərbaycanın siyasi nüfuzunu artırmaqla yanaşı, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin genişlənməsinə də mühüm təsir göstərir”.

Onun fikrincə, bu həm də tarixi bağlardan strateji müttəfiqliyə gedən yolun başlanğıcıdır: “Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı əlaqələr dərin tarixi, mədəni və mənəvi birliyə əsaslanır. Müasir mərhələdə bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Son illərdə Prezident İlham Əliyevin region ölkələrinə çoxsaylı səfərləri, yüksək səviyyəli dialoqun intensivliyi və qarşılıqlı etimadın artması bu münasibətlərin gücünü göstərir.

Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərini birləşdirən əsas amillər fəal siyasi dialoq; ikitərəfli strateji tərəfdaşlıq müqavilələri; iqtisadi, humanitar və enerji əməkdaşlığı; regionlararası nəqliyyat və logistika layihələri; Qarabağın bərpası və yenidən qurulmasına verdikləri dəstəkdir.

Mərkəzi Asiya ölkələrinin Qarabağın dirçəldilməsində iştirak etməsi qardaşlıq, dostluq və həmrəyliyin parlaq təzahürüdür.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Məşvərət Məclisinə qoşulması tarixi bağlardan strateji müttəfiqliyə gedən yolda yeni mərhələdir. 

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Məclisinə tamhüquqlu üzv qismində qəbul edilməsi ölkəmizin beynəlxalq arenada artan rolunun, ona göstərilən yüksək diqqətin və etimadın açıq göstəricisidir. Bu addım regionda yeni geosiyasi əməkdaşlıq xəttinin formalaşmasına mühüm töhfə verir.

Bu qərar Mərkəzi Asiya-Cənubi Qafqaz strateji xəttini gücləndirir; Avrasiyada vahid əməkdaşlıq platforması yaradır; regional təhlükəsizlik və sabitlik mexanizmlərini möhkəmləndirir; Azərbaycanın tranzit, enerji və siyasi gücünü artırır.

Azərbaycan bu formatın yeni tamhüquqlu üzvü olmaqla Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında körpü rolunu oynayan əsas aktora çevrilir.

Nəticə kimi onu qeyd etmək  olar ki,  Azərbaycan-Mərkəzi Asiya münasibətləri bu gün yeni inkişaf mərhələsinə daxil olub. Tarixi bağlar üzərində qurulan bu tərəfdaşlıq artıq regional əməkdaşlıq nümunəsinə çevrilir. Azərbaycanın Məşvərət Məclisinə qoşulması isə bu münasibətləri daha da dərinləşdirən strateji addımdır və ölkəmizin Avrasiyada mövqeyini daha da möhkəmləndirir.

Azərbaycanın çoxvektorlu siyasəti, regional dialoq təşəbbüsləri və böyük dövlətlərlə balanslaşdırılmış diplomatiyası ölkəmizi həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi irəli çıxarır”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
50
olke.az

10Mənbələr