AZ

Mərkəzi Asiya-Cənubi Qafqaz körpüsü: Yeni geosiyasi reallığın formalaşması - Şərh

“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Məclisinə tamhüquqlu şəkildə qoşulması təkcə regional əməkdaşlıq formatının genişlənməsi deyil, həm də Avrasiya məkanında yeni geosiyasi arxitekturanın formalaşması deməkdir. Bu addım Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpünün qurulmasına, vahid əməkdaşlıq məkanının yaranmasına və iki regionun strateji qarşılıqlı əlaqəsinin daha da möhkəmlənməsinə geniş imkanlar açır”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, bu gün Azərbaycan və Mərkəzi Asiya dövlətləri qarşılıqlı həmrəyliyə, dayanıqlı inkişafa və güclənən regional təhlükəsizlik mühitinin təmininə yönəlmiş əməkdaşlıq modelini formalaşdırırlar. Bu model gələcək qlobal düzənin mühüm tərkib hissəsinə çevrilməkdədir.

“Azərbaycanın Məşvərət Məclisinə qoşulması bu platformanı daha funksional və daha genişmiqyaslı edir. Cənubi Qafqazın ən güclü iqtisadiyyatlarından biri olan Azərbaycan bu formata qoşulmaqla-regiondaxili həmrəyliyin möhkəmlənməsinə; enerji, nəqliyyat və logistika sahələrində böyük layihələrin aktuallaşmasına; vahid regional mövqenin beynəlxalq səviyyədə ifadə edilməsinə; Avrasiya məkanında yeni əməkdaşlıq xəritəsinin cızılmasına mühüm töhfə verir”, - o vurğulayıb.
Deputat əlavə edib ki, bu gün “Mərkəzi Asiya +” formatları - “+Avropa İttifaqı”, “+Koreya”, “+Yaponiya”, “+GCC” - daha aktiv və koordinasiyalı şəkildə fəaliyyət göstərir: “Azərbaycanın bu strukturda iştirakı isə həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın qlobal arenada səsliliyini, siyasi çəkisini və geoiqtisadi nüfuzunu artırır”.
O hesab edir ki, Azərbaycanın Məşvərət Məclisinin tamhüquqlu üzvü olması regionun qlobal mövqeyinin möhkəmlənməsinə, yeni təşəbbüslər, yeni əməkdaşlıq platformaların yaranmasına gətirib çıxaracaq:
“Məşvərət Məclisi artıq təkcə mövcud problemlərin müzakirə olunduğu ənənəvi bir format deyil. Bu platforma real, dinamik, təşəbbüslər irəli sürən və regionun gələcəyini müəyyən edən yeganə institutlardan birinə çevrilib.
Azərbaycanın bu məkanda iştirakı isə təşəbbüslərin praktiki icra mexanizmləri ilə zənginləşməsinə, iqtisadi inteqrasiya səviyyəsinin yüksəlməsinə və regionun qlobal iqtisadi sistemdə daha əlverişli mövqelər qazanmasına şərait yaradır.
Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən irimiqyaslı tranzit layihələri bu əməkdaşlığın mühüm dayaqlarıdır. Bu gün region yeni nəqliyyat arteriyasının meydana çıxmasının şahidi olur.
1. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu
Bu layihə Asiyadan Avropaya uzanan ən qısa, təhlükəsiz və iqtisadi baxımdan sərfəli marşrutlardan birini formalaşdırır. Yeni yol:
•    logistika sistemini daha səmərəli edir,
•    yükdaşımaların həcmini artırır,
•    Avrasiya bazarlarına çıxışı asanlaşdırır,
•    Mərkəzi Asiya ölkələrinin iqtisadi müstəqilliyini gücləndirir.
2. Zəngəzur dəhlizi - məntiqi davam
Azərbaycanın təşəbbüsü olan Zəngəzur dəhlizi Çin-Qırğızıstan-Özbəkistan marşrutunun strateji tamamlayıcısına çevrilir. Bu dəhlizin açılması:
•    Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir,
•    Avropa bazarlarına çıxışı daha qısa və təhlükəsiz edir,
•    Transxəzər Şərq–Qərb Orta Dəhlizini gücləndirir,
•    regionu qlobal ticarətin yeni strateji mərkəzinə çevirir.
Beləliklə, iki böyük strateji layihə vahid iqtisadi coğrafiya yaradır və Avrasiya məkanında tamamilə yeni nəqliyyat şəbəkəsi formalaşdırır”.
 Deputatın fikrincə, bu əməkdaşlıq nəticə etibarı ilə iki region birləşdirməklə vahir bir əməkdaşlıq məkanına çevirəcək.
“Azərbaycanın Mərkəzi Asiya Məşvərət Məclisinə qoşulması həm geosiyasi, həm də geoiqtisadi baxımdan tarixi əhəmiyyətə malikdir. Bu addım Avrasiyada yeni əməkdaşlıq fəlsəfəsini formalaşdırır; Mərkəzi Asiya və Cənubi Qafqaz arasında strateji körpü yaradır; qlobal ticarət və nəqliyyat xəritəsində yeni reallıqlar müəyyən edir; regionların beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır.
Bu gün Mərkəzi Asiya və Cənubi Qafqaz Avrasiyanın iki mühüm geosiyasi mərkəzi kimi bir-birinə daha sıx bağlanır və qlobal səhnədə ortaq səsə çevrilirlər. Azərbaycanın rolu isə bu inteqrasiyanın aparıcı dinamiki, hərəkətverici qüvvəsidir”, - o qeyd edib.
Mürtəza

Seçilən
67
50
olke.az

10Mənbələr