AZ

Mbappe hakimə “iyrənc alçaq” deyib - fransalı ulduz 12 oyunluq cəza ala bilər

“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 13-cü turunda keçirilən “Elçe” ilə oyunun (2:2) sonunda özündən çıxıb.

"Football-plus.az" xəbər verir ki, 90+9-cu dəqiqədə hakimdən narazılığa görə sarı vərəqə ilə cəzalanan fransalı ulduz ardından əsəblərini cilovlaya bilməyib və təhqir yağdırıb. İndi Mbappeni uzunmüddətli diskvalifikasiya gözləyir.

Bu oyun yetərincə emosional alınıb. Madridlilər oyunun gedişində iki dəfə geri düşsələr də, sonda məğlubiyyətdən qurtulublar: Cud Bellingem 87-ci dəqiqədə məhz Mbappenin ötürməsindən sonra bərabərlik qolunu vurub. Son dəqiqələrdə Kilianın əsəbləri yerində olmayıb. DAZN telekanalının yaydığı xəbərə görə, translyasiya zamanı forvardın dedikləri eşidilir. O, əvvəlcə oyundaşlarına qəzəblənib, rəqibin müqavimətini qırmaq üçün onlardan pressinq etməyi, irəli getməyi tələb edib. Sonra isə “Elçe”nin zədəli oyunçusu uzun müddət yerdə qaldığına görə referi Xose Ernandes Maesoya üz tutub:
“Bəsdi, hədsiz çox vaxt itirdik. Oyuna davam edə bilmirsə, qoy rədd olub getsin. Xahiş edirəm, qoy oynayaq”.

Kilian final fitindən sonra daha da qəzəblənib, referi ilə mübahisə edib. DAZN-ın iddiasına inansaq, ulduz futbolçu ona iki dəfə “iyrənc alçaq” deyib. Meydanı tərk edib paltardəyişmə otağına yollananda isə yenidən söyüb.

Hakimlər briqadası Kilianın təhqirlərini nəzərdən qaçıra bilərdi. Axı fransalı ulduz bütün söyüşləri öz dilində işlədib. Ancaq DAZN-ın xəbəri təsdiqlənərsə, hücumçu ciddi fəsadla üzləşəcək.

İspaniya Kral Futbol Federasiyasının İntizam Məsəlləsinə əsasən futbolçu belə davranışa görə 12 oyunluq cəzalana bilər. “Real”ın oyunçuları artıq bu yöndə probkem yaşayıb. Məsələn, ötən mövsüm Cud Bellingem hakimin ünvanına ana söyüşü işlətdiyinə görə iki oyunu buraxmalı oldu.
Əslində “Real” mövsümə çox nümunəvi şəkildə başlamışdı. Ancaq son vaxtlar komandanın adı ətrafından münaqişə xəbərləri əskilmir. “The Athletic”in yaydığı xəbərə inansaq, bəzi oyunçular baş məşqçi Xabi Alonsodan narazıdı. Bu siyahıya Vinisius Junior, Federiko Valverde, Dani Sebalyos, Eduardo Kamavinqa, Rodriqo və Cud Bellingem daxildi.

Hər şeydən belə görünür ki, münaqişə xəbərləri yalnız şayiədən ibarət deyil. Yadınızdadısa, Vinisius oktyabrda “el klasiko”da əvəzlənəndən sonra elə meydandaca narazılıq etmişdi:
“Mən komandadan gedirəm... Gedirəm, getməyim daha yaxşıdı”.

İspaniya mediasına inansaq, Vinisius hələ də sakitləşməyib, Madrid klubu ilə yeni müqavilə imzalamaqdan boyun qaçırır.

Nəticələr də pisləşməyə başlayıb. “Real” noyabrda La Liqada yalnız bir qələbə qazanıb – “Valensiya” üzərində (4:0). Ardından komanda Çempionlar Liqasında “Liverpul”a minimal hesabla uduzdu və çempionatda iki dəfə heç-heçə oynadı – “Rayo Valyekano” ilə 0:0, “Elçe” ilə 2:2. Bu üzdən madridlilərin ən yaxın izləyicisi “Barselona” ilə xal fərqi 1-ə enib. Elə ÇL-də “Olimpiakos”la son oyunda qələbə də “Real”a asan başa gəlmədi.
Seçilən
23
47
football-plus.az

10Mənbələr