UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında Liqa mərhələsinin 6-cı turunun görüşlərindən sonra reytinq siyahısı yenilənib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu həftə Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Niderlandın “Ayaks” komandası ilə qarşılaşıb və 2:4 hesablı məğlubiyyətlə üzləşib.
Buna baxmayaraq, Azərbaycan UEFA reytinqində əvvəlki mövqeyini qoruyub. Hazırda Azərbaycan 22,250 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki Ukraynanın 23,256 əmsalı var. Sloveniya isə 22,218 əmsalla 27-cidir.
Qeyd edək ki, Azərbaycan cari mövsümdə 5,125 reytinq əmsalı əldə edib. Son beş mövsümdəki ən yaxşı göstəricimiz isə 5,875 əmsaldır. Bu, 2023/2024-cü illər mövsümündə qazanılıb. “Qarabağ”ın cari mövsümdə ÇL-in Liqa mərhələsində ən azı daha 2 oyun keçirəcəyini nəzərə alsaq, yeni rekordun reallaşması da istisna deyil.
Xatırladaq ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinə hazırda İngiltərə başçılıq edir – 104,005. İtaliya (92,017) ikinci, İspaniya (85,562) üçüncü, Almaniya (82,777) dördüncü, Fransa (75,391) beşincidir.
