“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş qarşılaşması Ağdam klubunun 5:1 hesablı qələbəsiylə yekunlaşıb.
Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Futbolçuların sona kimi intizamlı oynamaları çox önəmli idi. Sonlara yaxın 1-2 boşluq oldu, amma ümumilikdə diqqətli və intizamlı çıxış etdilər. Yaxşı hücumlarımız oldu, baxımlı qollar vurduq. Soyuq havada bizi dəstəkləməyə gələn azarkeşlərimizə də təşəkkür edirəm”.
Təcrübəli mütəxəssis Marko Yankoviçin yoxluğunu rotasiya ilə izah edib:
“Yankoviçə istirahət vermişdik. Əvvəlki matç son vaxtların ən sürətli oyunu idi, ona görə xeyli oyunçunu əsas heyətdə buraxmamışdıq”.
Qurban Qurbanov zədəli Kadinin yoxluğunun komandaya təsiri və onun mövqeyindəki problemlərlə bağlı məsələyə isə belə aydınlıq gətirib:
“Bəlli məsələdir ki, Kadinin sıradan çıxması digər mövqelərə də təsirsiz ötüşmür. Çünki fərqli mövqedən olan oyunçunu orada oynadanda digər sıxıntılarımız da olur. Heç bir kollektiv bir oyunçunun üzərində qurulmur, amma Kadi kimi qabiliyyətli oyunçuların meydanda olması üstünlükdür. Futbolçularım sağ olsunlar, nəticə üçün əllərindən gələni edirlər”.
Baş məşqçi növbəti turda qarşılaşacaqları “Sabah” barədə danışarkən rəqibin oyundan-oyuna daha təhlükəli olduğunu və yaxşı kollektiv formalaşdırdığını vurğulayıb:
“Bu nəticələr “Sabah”ın oyun keyfiyyəti ilə birbaşa bağlıdır. Bu komanda oyundan-oyuna daha qabiliyyətli və daha təhlükəli təsir bağışlayır. Yaxşı kollektiv formalaşıb, oyun intizamı yüksək səviyyədədir. Qarşıda bizi çox ciddi rəqib gözləyir. Bu gün və sabah futbolçulara istirahət verəcəyik, çünki istər-istəməz yorğunluq özünü göstərir. Rəqibi hələ detallı şəkildə analiz etməmişik, lakin oyunlarını izləmişik. Xüsusilə “Neftçi” və “Turan Tovuz”la keçirdikləri görüşlərə baxmışıq”.
