AZ

Elmar Baxşıyev: “Bu, bizə və futbolçulara təsirsiz ötüşmür” – ARENA.AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş qarşılaşması Ağdam klubunun 5:1 hesablı qələbəsiylə yekunlaşıb.

Elmar Baxşıyev qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Həftə ərzində düşündüyümüz plan var idi. Onun üzərində işləyirdik. 20-25 dəqiqə istədiyimizi meydanda göstərməyə çalışırdıq. Birinci qol komandaya təsir etdi. Qol epizodu da deyildi, öz səhvimizdən buraxdıq. Ümumilikdə qapımıza 2 penalti təyin edildi, öz səhvlərimizdən sonra böyük hesablı nəticə oldu. Bu matçı unudub, fasiləyə qədər qalan son oyuna hazırlaşacağıq”.

Elmar Baxşıyev mətbuatda rəhbərliyin qışda onunla yollarını ayıracağı barədə yayılmış şayiələrə və rəhbərliyin buna rəsmi münasibət bildirməməsi ilə bağlı suala da aydınlıq gətirib. O, yazılanların komandaya təsirsiz ötüşmədiyini etiraf edərək gələcəyi barədə bunları deyib:

“Mən bura özüm gəlməmişəm, məni dəvət ediblər. Üzərimə nə düşürsə, onu yerinə yetirməyə çalışıram. Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir, bizə də təsirsiz ötüşmür. Qərar mənim deyil. Bizimlə davam etsələr, işimizə davam edəcəyik. Digər qərarı versələr, ona da normal yanaşacağıq”.

Seçilən
32
6
arena.az

10Mənbələr