“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyununda Gəncə təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.
Azər Bağırov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun alındı. “Qəbələ” də, “Kəpəz” də daim hücumda idi. Yenə qol epizodlarını dəyərləndirə bilmirik. Bu, məşqçilər korpusu olaraq bizi yorur. Bu oyun 9 xala bərabər idi. Həm “Qəbələ”ni keçdik, həm də “Karvan”dan uzaqlaşdıq”.
Bağırov qapıçı Yusif İmanovla son oyunlarda vacib qollar vurmuş Ryonosuke Ohorinin oyununu da dəyərləndirib, həmçinin Luis Paçunun ehtiyatda olmasının səbəbini açıqlayıb:
“Yusif 1 ildən çoxdur ki, oynamırdı. Meydanda olduğu matçlarda komandaya kömək edir. Səhvlər qaçılmazdır. Oyundan-oyuna daha yaxşı olur.
Komandamızın çoxu yerli futbolçulardan ibarətdir. Səhvlər hamımızda var. Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir. Sevindirici hal odur ki, bir oyunçu inkişaf edir. Ohori də onlardan biridir. Onu bir çox mövqedə oynadırıq. O da öhdəsindən gəlir.
Paçunun ehtiyatda qalması isə taktiki qərar idi. “Qəbələ” arxadan topla çıxmağı yaxşı bacarır. Ehtiram Şahverdiyev öndə daha yaxşı pressinq edir. Ona görə start heyətində ona şans verdik”.
