Futbol üzrə Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri Madrid “Real”ının ispaniyalı baş məşqçisi Xabi Alonsoya acıdığını dilə gətirib.
Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Xabi Alonsoya yazığım gəlir. Onun “Bayer”də müvəffəq olduqlarını hamı görüb. O vaxt o, onu dinləməyə hazır olan, tələblərinə əməl edən bir komandanı çalışdırırdı”, deyə Tyerri Anri vurğulayıb.
Braziliyalı əfsanəvi futbolçu Rivaldo da Xabi Alonsonun Madrid klubundan mümkün gedişinə münasibətini açıqlayıb:
“Ümidvaram ki, Xabi Alonso “Real”da qalacaq. O, əla məşqçidir və Almaniyada əla iş görüb. Amma o, getməyə qərar versə, “Liverpul”a keçidi əla seçim olar”, deyə Rivaldo vurğulayıb.
Xatırladaq ki, “Real”ın son uğursuzluqaları mənzərəsində Xavi Alonsonun istefası gündəmdədir.
Madrid təmsilçisi İspaniya La Liqasında keçirdiyi 16 oyunda 36 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. Komanda bu oyunlarda 11 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Real” 6 oyuna 4 qələbə qazanıb, 2 məğlubiyyətə üzülüb. 12 xala malik İspaniya nəhəngi 7-ci pillədə qərarlaşıb.
