“Brentford”un mərkəz hücumçusu İqor Tyaqo İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
24 yaşlı braziliyalı futbolçu noyabr ayında İngiltərə çempionatı çərçivəsində meydana çıxdığı 4 oyunda 5 qol vurub.
Tyaqo mükafat uğrunda mübarizədə Harvi Barns (“Nyukasl”), Kirnan Dyusberi-Holl (“Everton”), Jeremi Doku (“Mançester Siti”), Bruno Fernandes (“Mançester Yunayted”), Morqan Gibbs-Uayt (“Nottingem Forest”), Ris Ceyms (“Çelsi”) və Deklan Raysı (“Arsenal”) kimi futbolçuları qabaqlayıb.
Braziliyalı futbolçu karyerasında ilk dəfə bu mükafata layiq görülüb.
Xatırladaq ki, Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda “Mançester Siti”nin hücumçusu Erlinq Haland, oktyabrda isə “Mançester Yunayted”in forvardı Brayan Mbömö bu ada layiq görülmüşdü.
İqor Tyaqo “Brentford”a 2024-cü ilin yayında Belçkanın “Brügge” klubundan 33 milyon avro müqabilində keçib. Onun İngiltərə klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var. Braziliyalı futbolçu “Brentford”un heyətində meydana çıxdığı 24 oyunda 12 qol vurub.
Tyaqo daha öncə “Kruzeyro”, “Brügge”, “Ludoqorets” kimi klubların da şərəfini qoruyub.
“Transfermarkt” internet-portalı 24 yaşlı forvardın transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.
