AZ

Felipe Kaysedo karyerasını başa vurdu – ARENA.AZ

Futbol üzrə Ekvador yığmasının və İngiltərənin “Mançester Siti” klubunun sabiq hücumçusu Felipe Kaysedo karyerasını başa vurub.

Arena.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Tanınmış futbolçu bu qərarının dekabr ayında Quayakildə güllələnərək öldürülən komanda yoldaşı Mario Pineydanın faciəli ölümündən sonra oyuna davam etmək istəməməsindən irəli gəldiyini vurğulayıb. Kaysedo bu hadisədən son dərəcə şoka düşdüyünü bildirib.

“Davam etmək niyyətində deyiləm. Mario Pineydanın ölümü məni dərindən sarsıtdı və artıq futbol haqqında heç nə bilmək istəmirəm”.

Xatırladaq ki, Felipe Kaysedo 2025-ci ilin əvvəlindən Ekvadorun “Barselona” klubunda çıxış edirdi. 37 yaşlı forvard bu komandanın heyətində bütövlükdə 20 oyuna çıxıb, 3 qola imza atıb. Bir müddət öncə Kaysedonun komanda yoldaşı Mario Pineyda ailə üzvləri ilə birgə cinayətkar bir qrupun silahlı hücumuna məruz qalmışdı. Pineyda həmin hücum zamanı həyatını itirmişdi.

Felipe Kaysedo karyerası ərzində “Bazel”, “Mançester Siti”, “Sportinq” (Lissabon), “Malaqa”, “Levante”, “Lokomotiv” (Moskva), “Əl-Cəzirə”, “Espanyol”, “Latsio”, “Cenoa”, “İnter” (Milan), “Abha” kimi klublarda forma geyinib. O, 2005-2017-ci illər aralığında çıxış etdiyi Ekvador yığmasının heyətində 68 oyuna çıxıb, 22 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
33
5
arena.az

10Mənbələr