İtalyan futbolunun əfsanəsi, “Roma”nın keçmiş hücumçusu və kapitanı Françesko Totti vaxtilə “Real”dan imtinasının səbəbini açıqlayıb.
Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Real”a keçidimin baş tutmaması? Bəli, ancaq bircə şey çatışmırdı – mənim imzam. Amma mənim yerimə ürəyim dilə gəldi”, deyə Totti vurğulayıb.
Totti maraqlı açıqlaması ilə də gündəmə gəlib:
“Əgər “Real” üçün oynasaydım, “Qızıl top”un sahib olardım”, deyə ötənlərin ulduz futbolçusu vurğulayıb.
Xatırladaq ki, Françesko Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın uğurları üçün çalışıb. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.
Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.
Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.
Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb. Veteran futbolçu “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.
