Futbol üzrə Nigeriya millisinin hücumçusu Umar Sadiq “Real Sosyedad”dan ayrılaraq İspaniyanın digər klubu “Valensiya”ya keçib.
Arena.az bu barədə La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
“Valensiya” daha öncə icarə əsasında da xidmətindən istifadə etdiyi 28 yaşlı hücumçunu bu dəfə birdəfəlik heyətinə qatıb. “Yarasalar” bu keçid üçün qarşı tərəfə 5 milyon avro ödəyib. Nigeriyalı forvardla 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
Xatırladaq ki, Umar 2024/2025-cı illər mövsümünün ikinci dövrəsində məhz “Valensiya”da icarədə olmuş və 20 oyunda 6 qola imza atmışdı.
Umar Sadiq peşəkar karyerasına İtaliyanın “Spetsiya” klubunda başlayıb. O, karyerası ərzində “Lavanyese”, “Roma”, “Bolonya”, “Torino”, “NAK Breda”, “Reyncers”, “Peruca”, “Partizan”, “Almeriya” kimi klublarda da çıxış edib.
“Real Sosyedad” Umar Sadiqi 2022-ci ilin sentyabr ayında “Almeriya”dan 20 milyon avroya transfer etmişdi. Nigeriyalı forvard Sosyedad klubunun heyətində meydana çıxdığı 57 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Umar Sadiq 2022-ci ilin yanvar ayında debüt etdiyi Nigeriya yığmasında 12 oyuna çıxıb, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.
