AZ

İran blokadasında boşluq var: Gəmilər Hörmüzdən keçmək üçün yeni üsul tapıb

Fars körfəzində lövbər salan və ya Hörmüz boğazından keçən bəzi gəmilər qəsdən öz məlumatlarını dəyişdirərək özlərini Çin gəmisi kimi göstərir və ya mayaklarını söndürürlər. Bu addım onların İranın mümkün hücum hədəfinə çevrilmə riskini azaltmaq məqsədi daşıyır...

Poliqon u barədə Neokohn nəşri yazır.

Məlumata görə, bir çox gəmi Avtomatik İdentifikasiya Sistemi (AIS) vasitəsilə ötürdüyü məlumatlarda göyərtədə "çinli ekipaj" olduğunu bildirir və ya təyinat məntəqəsi kimi "Chinese owner" (çinli sahib) qeydini göstərir.

Bu üsulla onlar İranı çaşdırmağa çalışırlar. Çünki Çin Tehran üçün mühüm iqtisadi tərəfdaş və müttəfiq hesab olunur.

Ticarət riskləri üzrə analitik Ana Subaşiç bildirib: "Görünür, bu, gəmilərin hədəfə çevrilmə riskini azaltmaq üçün istifadə etdiyi xəbərdarlıq siqnallarıdır".

Onun sözlərinə görə, bu məlumatlar gəminin həqiqətən Çinə məxsus olduğunu göstərmir.

9 martda Panama bayrağı altında üzən Guan Yuan Fu Xing yük gəmisi Hörmüz boğazından uğurla keçən son gəmilərdən biri olub. Gəmi boğazdan keçməzdən iki gün əvvəl AIS sistemində təyinat kimi "CHINA OWNER" qeydini göstərməyə başlayıb.

Son bir həftə ərzində təxminən 30 gəmi Fars körfəzindən və ya Hörmüz boğazından keçərkən oxşar üsullardan istifadə edib.

Məsələn, "Iron Maiden" gəmisi (Marşal adaları qeydiyyatı) və "Sino Ocean" gəmisi (Liberiya bayrağı altında) boğazdan keçərkən Çinlə əlaqəni göstərən məlumatlar yayımlayıb, təhlükəli zonanı tərk etdikdən sonra isə bu məlumatları siliblər.

Bəzi gəmilər oxşar mesajları yalnız bir neçə dəqiqəlik ötürüb.

Digər hallarda, iki gəmi türk sahib və ya türk ekipaj haqqında məlumat ötürüb, bir gəmi isə müharibənin başladığı gün özünü "müsəlman gəmisi" kimi təqdim edib.

Bəzi gəmilər isə daha sadə üsula əl atıb — transponderlərini söndürərək öz dəqiq mövqelərini gizlədiblər. Onlar təhlükəli zonadan çıxdıqdan sonra yenidən izləmə sistemlərində görünməyə başlayıblar. Məlumata görə, bu üsullardan istifadə edən gəmilər arasında:

* 9 neft tankeri
* 2 mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi də olub.

Münaqişədən əvvəl Hörmüz boğazından gündə orta hesabla 138 gəmi keçirdi.

ABŞ və İsrailin İrana zərbələrindən sonra Tehran Hörmüz boğazını blokladığını elan edib. Bu addım dünya iqtisadiyyatı üçün ciddi risk yaradır. Çünki boğaz bağlanarsa:

* enerji daşıyıcılarının qiymətləri kəskin arta bilər
* qlobal inflyasiya sürətlənə bilər

Daha sonra İran bəyan edib ki, bəzi gəmilərə keçidə icazə verilə bilər — lakin bunun üçün həmin ölkə ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxarmalıdır. 10 martda isə İranın strateji əhəmiyyətli Hörmüz boğazında minalama işlərinə başladığı barədə məlumat yayılıb. ABŞ prezidenti Donald Tramp buna cavab olaraq İrana "misli görünməmiş nəticələr" ilə hədələyib.

Poliqon.info

Seçilən
41
42
poliqon.info

10Mənbələr